Putin yola salınır?

 

Analitik Andrey Piantkovski son həftə ərzində bütün çıxışlarında tezliklə Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılacağını vurğulayır. Onun sözlərinə görə, Moskvadakı etibarlı məndəbinin məlumatında qeyd olunur ki, Putin səhhəti ilə bağlı hakimiyyəti müvəqqəti olaraq Təhlükəsizlik Şurasına dövr edəcək, bundan bir müddət sonra isə (təqribən 2 həftə) Təhlükəsizlik Şurası Vladimir Putini “bütün bəlaların baisi” elan edəcək və bununla da hakimiyyətin ötürülməsi üçün zəmin yaranmış olacaq. Putinin varisi rolunda isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, hazırda Rusiyanın Kənd Təsərrüfat naziri olan Dmitri Patruşev çıxış edəcək. Bu ideyanın müəllifi nə qədər qəribə olsa da, Vladimir Putinin ən yaxın adamı hesab edilən rusiyalı sahibkar, “Rossiya” Bankının əsas səhmdarı və direktorlar şurasının keçmiş sədri Yuri Valentinoviç Kovalçukdur. Bu ssenari Rusiyalı oliqarxlara biznes və mülkiyyətlərini qorumağa, eləcə də hakimiyyətin “kənar şəxsin” əlinə keçməsinin qarşısını almağa yardım göstərəcəkdir.

Artıq bu istiqamətdə işlərin başlandığı barədə məlumatlar dolaşmaqdadır. Əsas aktyorlar onun hazırlanmasında fəal iştirak edirlər. Rusiya prezidenti Vladimir Putin iki əsas sualın - “kimdir günahkar?” və "nə etməli?", məzmununu şərh etməklə məşğul olduğu bir vaxtda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin rəhbərliyinin dəstəyini almaq və hakimiyyətin ötürülməsi üçün zəmin hazırlayamaq məqsədilə Çinə gedib. Patruşev çinli yoldaşlarına oğlu Dmitri Patruşev prezident olduqdan sonra Rusiyanın xarici və daxili siyasətinin perspektivlərini və konturlarını təqdim edib. Təhlükəsizlik Şurasının katibi oğlu Dmitrinin başçılıq edəcəyi Rusiya rəhbərliyinin Çinin sadiq müttəfiqi olacağı və bütün razılaşmalara qeyd-şərtsiz riayət ediləcəyi barədə oğlunun vədlərini və öz zəmanətlərini çatdırıb. Bundan başqa, Patruşev Rusiyanın təbii sərvətlərindən birgə istifadə və iki ölkənin iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb. Təhlükəsizlik Şurasının katibindən çoxlu vədlər və təminatlar olsa da, çinli həmkarları onu diqqətlə dinlədikdən sonra fikirləşmək üçün vaxt lazım olduğunu söyləyiblər. Patruşevin Çin rəhbərliyinin nümayəndələri ilə görüşündə Rusiyaya silah və ya hərbi sənaye üçün mallarla kömək etmək barədə hər hansı xahiş olmayıb. Diplomatik kanallar vasitəsilə Rusiya rəhbərliyinə Patruşevin Çinə səfəri zamanı bu mövzunun müzakirə edilməsinin arzuolunmaz olduğu bildirilib.

Çinli həmkarları Nikolay Patruşevdən oğlunun Ukraynadakı müharibəni necə bitirəcəyini soruşduqda, Təhlükəsizlik Şurasının katibi cavab verib ki, oğlu Dmitri prezident olana qədər müharibə bitəcək. Bu məlumat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə uzlaşır. O, da hesab edir ki, Vladimir Putin Ukraynadakı müharibəni tez bir zamanda bitirmək istəyir. O, bu barədə Özbəkistanda keçirilən ŞƏT sammitində Rusiya Federasiyasının prezidenti ilə görüşdən sonra Amerikanın PBS telekanalına müsahibəsində bildirib. “Biz Özbəkistanda Putinlə geniş müzakirələr apardıq. Və mənə bildirdi ki, bunu mümkün qədər tez bitirməyə hazırdır. Bu, mənim təəssüratımdır, çünki vəziyyət kifayət qədər problemli şəkildə inkişaf edir” – deyə Türkiyə prezidenti bildirib. Ərdoğanın sözlərinə görə, o, “bu döyüşü sülhlə bitirməyə” çalışır. “Bu, insan itkisi ilə nəticələnən münaqişədir. İnsanlar ölür və sonda heç kim qalib gəlmir”, o əlavə edib.

Maraqlı olan həm də odur ki, müharibəni kim bitirəcək, Putinmi, yoxsa ondan hakimiyyəti qəbul edən Təhlükəsizlik Şurasımı? Bütün hallarda, görünən odur ki, ata Patruşev oğluna müharibə kimi bir mirasın qalmasını istəmir. Dmitri Patruşev özü də atasından az olmayaraq hakimiyyətə hazırlaşır. Dmitri artıq Rusiyadakı əsas konfessiyaların rəhbərliyinə baş çəkib və qismən planların təsdiqlənməsi, qismən də səltənət üçün xeyir-dua alıb. Dmitri Patruşevin dostları və qohumları arasında əsas sitatı onun tez-tez Stivensonun ”Dəfinələr adası”ndan təkrar etdiyi bir ifadədir: "Kapitandan lap bezmişəm! Mən onun kayutunda yatmaq istəyirəm!”

Dadaş Əhmədli