Sutkanın əsas dünya xəbərləri



 Fransa Prezidenti Emmanuel Makron bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, o cümlədən Rusiyanın veto hüququ məhdudlaşdırılmalıdır. Onun fikrincə, bu, “müasir dünya nizamını” qorumaq üçün lazımdır. Makron həmçinin Rusiya (keçmiş SSRİ), ABŞ, Çin, İngiltərə və Fransanın daxil olduğu şuranın daimi üzvlərinin sayının artırılmasına çağırıb. Almaniya kansleri Olaf Şolts qeyd edib ki, Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa hazırdır. O, əlavə edib ki, ölkə BMT Təhlükəsizlik Şurasının islahatının və onun genişləndirilməsinin tərəfdarıdır.
                       ***
 Çin Xalq Respublikasının Tayvan İşləri Administrasiyasının sözçüsü Ma Xiaoguang bildirib ki, Çin Tayvanla sülh yolu ilə "birləşmək" üçün hər cür səy göstərməyə hazırdır. Bu bəyanat Pekinin adanın yaxınlığında bir neçə həftəlik hərbi manevrlərindən sonra verilib. Xatırladaq ki, ötən yay Çin yenidən Tayvana “Bir ölkə, iki sistem” modelini təklif etmişdi.
                       ***
 BMT-nin Baş katibi Antonio Quterreş ölkələri yanacaq istehsal edən şirkətlərə əlavə vergi tətbiq etməyə və bu pulları iqlim böhranından getdikcə daha çox əziyyət çəkən ölkələrə, həmçinin ərzaq və enerji qiymətlərinin artması ilə mübarizə aparan insanlara yönəltməyə çağırıb.
                        ***
 Rusiyanın “Mir” ödəniş sisteminin kartları Vyetnamın "BIDV" və Qazaxıstanın “Xalyk” bankında qəbul olunmur. Əvvəllər bu banklar ödəniş sisteminin partnyorları olub.