İran təcrübəsi deyir ki...

Siracəddin Hacı


- Bu hadisələr sizə Allahın dində məcburiyyət yoxdur (2/256) ayəsini öyrətdimi? Şallaqla namaz, oruc, zəkat, həcc, baş örtüsü olmaz, olsa, münafiqlərin-ikiüzlülərin sayı çoxalar;
- Dində, elə siyasətdə də inandırma deyil, məcburiyyət olsa, məcbur edən rejim, dövlət, camaat, şeyx, siyasi lider allahlıq iddiasına düşər, özünü dinin sahibi zənn edər, Allahın adından hökmlər verər, Ona iftira atar, insanları dinin düşməninə çevirər;
- Dində zorakılıq olsa, ağıla ehtiyac qalmaz, ağıl sıradan çıxsa, iradə ölər, iradə ölsə, seçim olmaz, seçim olmasa, iman anlamını itirər, dəyər əxlaq inşa etməz, gözəl davranışa, saleh əməllərə yol açmaz;
- Məcburiyyət nifrət yaradar, nifrət qəzəb ortaya çıxarar, öfkə atəşi bir ölkəni cəhənnəmə çevirər;
- Xürafələr insanın, əxlaqın, elmin, dinin düşmənidir, siz xurafələri öldürməsəniz, xurafələr sizi öldürəcək;
- Xurafələrlə, şirklə - ikisi də dinin xərçəng xəstəliyidir – dinin əslini, mayasını, fitrətini pozmayın, Allahın ölçülərinə toxunmayın, toxunsanız, pozsanız, pozulacaqsınız, saxta din saxta insanlar yetişdirəcək, bu çürük insanlar başınıza bəla olacaq, ölkənizə fəlakət gətirəcək;
- Mayasına haram qatılmış qida bədəni, din də ağılı, ruhu, əxlaqı, vicdanı xəstə edər;
- Bir ölkədə əxlaq polisi varsa, o ölkədə din yoxdur;
- Məcburiyyət insanın əxlaqını pozar, gözəl əxlaqın əsası azadlıqdır, seçim haqqıdır, sağlam ağıldır, azad iradədir;
- Allah insanı ağıllı, iradəli, vicdanlı varlıq olaraq yaratmışdır, seçim də, seçdiyinin məsuliyyəti də insana aiddir;
- Bu gözəl ölçünü biz də xatırladaq: Dövlətin dini, imanı ədalətdir;