Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi müzakirə olunur

Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması məsələsi Moskva ilə müzakirə olunur.
Bunu beynəlxalq aləmdə Gürcüstanın bir hissəsi kimi tanınmış qondarma Cənubi Osetiya respublikası parlamentinin spikeri Alan Alborov RIA Novosti agentliyinə mümkün referendumdan danışarkən deyib:
“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada ikitərəfli münasibətlərimizi və müqavilələrimizi nəzərə alaraq müzakirə edirik. Biz RF-lə bu qənaətə gələndə bunu edəcəyik”.
Alborovun sözlərinə görə Cənubi Osetiya “xarici siyasətini” Rusiya ilə koordinasiyada qurur. 

Həmin Medvedev

Vedomosti qəzeti yazır ki, hələ 2023-cü ilin avqustunda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müstəqillikləri Moskva tərəfindən tanınmış Abxaziya və Cənubi Osetiyanın “ciddi səbəblər olarsa” Rusiyaya birləşdirilə biləcəyini demişdi.

Medvedev əlavə etmişdi ki, “hadisələrin belə inkişafı Qərb üçün növbəti rüsvayçı iflas olardı və onun nüfuzunu fəlakətli şəkildə itirməsinin rəmzinə çevrilərdi”.
Medvedevin sözlərinə görə əgər Gürcüstanın ovaxtkı prezidenti Mixeil Saakaşvili Cənubi Osetiya məsələsini hərbi yolla həll etmək istəməsəydi, 2008-ci ilin müharibəsi olmaya bilərdi.

2008-ci ildə Medvedev Rusiya prezidenti idi. Rusiya sülhməramlıları

8 avqust 2008-ci ildə Cənubi Osetiya ərazisində silahlı toqquşma baş vermişdi.
Gürcüstan onun bir hissəsi olan separatçı bölgə üzərində nəzarətini bərpa etmək üçün Sxinvaliyə qarşı hərbi əməliyyata başlamışdı.
Abxaziya və Cənubi Osetiya hələ 1990-cı illərdə Gürcüstanla qısa müharibədən sonra özlərini müstəqil elan etmişdilər.
Həmin dövrdə Cənubi Osetiya və Abxaziyada Rusiya sülhməramlı kontingenti yerləşdirilmişdi.
Bu, 2008-ci il müharibəsinin dərhal ardınca Moskvanın hər iki bölgənin müstəqilliyini tanımasına yol açacaqdı.

Təzə ideya deyil

Vedomosti yazır ki, Cənubi Osetiyada Rusiya ilə birləşmə ideyası tarixi bağlara görə həqiqətən də populyar idi.
Bu da qeyd olunmalıdır ki, osetinlərin kompakt yaşadıqları başqa bir ərazi – Şimali Osetiya Rusiyanın tərkibindədir.
Vedomosti yazır ki, Cənubi Osetiyada 1992-ci ildə ildə keçirilmiş referendumda seçicilərin 99.89 faizi bölgənin Rusiyanın tərkibinə daxil edilməsinə səs vermişdi.
Bu da qeyd olunur ki, 2022-ci ildə ovaxtkı Cənubi Osetiya “prezidenti” seçki ərəfəsində daha bir referendumun keçiriləcəyini elan etmiş, amma Moskva bunu çox da böyük ruh yüksəkliyi ilə qarşılamamışdı.
Lakin seçkidə Alan Qaqloyev qələbə qazandı və “referendum” məsələsi ortadan qalxdı.

İşğal olunmuş ərazilər

2008-ci ilin qısa Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya, habelə ona bu və ya digər dərəcədə rəğbətli olan Suriya, Venesuela, Nikaraqua və Nauru da Abxaziya və Cənubi Osetiyanın müstəqiliyini tanıyıblar.
Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir.
Qərb bu aktı Gürcüstanın iki bölgəsinin Rusiya tərəfindən ilhaqı adlandırıb.
Rusiya Abxaziyada və Cənubi Osetiyada minlərlə hərbçisini saxlayır.