“Ərazidə abadlıq işləri aparılmayıb”: Səbail sakinlərindən ŞİKAYƏT - FOTO
Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən beşmərtəbəli binanın qapalı olan həyətyanı sahəsindən sakinlər rahat istifadə edə bilmədiklərindən şikayətçidirlər.
Onlar şikayətlərini yenidən Lim10.az-ın redaksiyasına ünvanlayıblar. Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işləri görülməyib:
“Sizin saytda məqalələr çıxandan sonra sözügedən ərazi sakinlərin istifadəsi üçün açıldı. Bakı şəhəri Yaşıllaşdırma İdərəsinin işçiləri tərəfindən həmin sahə təmizləndi, ağaclara aqrotexniki xidmət göstərildi. Yaşadığımız binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş həyətyanı sahə yenidən qapalı vəziyyətdədir. Bu problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Hazırda qeyd olunan sahədə tikinti işləri aparılır”.
Sakinlər heç bir abadlıq işlərinin aparılmadığını qeyd ediblər:
“Bizim ilk şikayətimizdən sonra sizin müraciətinizə cavab verən Səbail Rayon YTB ərazidə ağacların bir neçəsində suvarma işləri aparıb və ərazidə olan yarpaqları yığışdıraraq öz işləri barədə sizə hesabat verdilər. Lakin qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib. Tikinti tullantıları yerində qalıb. Heç bir abadlıq işləri görülməyib. Zədələnmiş əsas divar bərpa olunmayıb. Sonradan qoyulan taxta löhvələri də çıxarılmayıb”.
Səbail Rayon İcra Hakimiyətindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə iməcilik işləri aparılıb:
“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən torpaq sahəsinin zəbt olunması məsələsi ilə bağlı bir müddət əvvəl aidiyyəti qurumların iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilmiş və tərəfimizdən qaldırılan məsələ ilə əlaqədar müvafiq qurumlara rəsmi müraciət olunmuşdur.
Əlavə olaraq qeyd edirik ki, bir müddət əvvəl sözügedən ünvanda abadlıq (iməcilik) işləri aparılmışdır”.
Həmin fotoları təqdim edirik:
Nəzrin Vahid