Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək.
Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək.
Bununla bağlı Azərbaycanın Müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb.
Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.