Politoloq Rusiya ilə Ermənistan arasında münasibətlərin bərpa olunma ehtimalını dəyərləndirib
“Moskva ilə İrəvan arasında münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq”.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının politoloqu və eksperti Aleksey Naumov NEWS.ru-ya müsahibəsində belə güman edib.
Onun sözlərinə görə, bu, hətta yaxşıdır, çünki Ermənistanın Rusiyanın siyasi həyatındakı mühüm rolu Rusiya Federasiyasına yalnız ziyan vurub.
“Ermənistanı itirən Rusiya yox, Rusiyanı itirən Ermənistan oldu. Əminəm ki, İrəvan bundan yaxşı nəticə əldə etməyəcək. Düşünürəm ki, yaxın gələcəkdə biz bu mənzərənin balanslaşdırılmasını, Azərbaycanla daha sıx münasibətlərə keçidin şahidi olacağıq. Bu, yalnız Moskva, Bakı üçün deyil, bütövlükdə region üçün daha yaxşı olacaq”, - Naumov bildirib.
Eyni zamanda, politoloq qeyd edib ki, Rusiya hələ də Ermənistanı hesabdan silməyib və onunla münasibətləri saxlamağa çalışır. O, həmçinin Rusiya Federasiyası ilə Gürcüstan arasında münasibətlərin tədricən yaxşılaşmasına diqqət çəkib. Ekspertin fikrincə, bu, Moskva üçün yaxşı siqnaldır.