Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Avstriyanın Moskvadakı səfiri Verner Almhofer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Vyananın iki rus diplomatını ölkədən çıxarmaq qərarı ilə əlaqədar kəskin etiraz bildirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda vurğulanır ki, Moskva Avstriyanın Rusiyadakı səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.

“Səfirə Rusiya tərəfinin cavab tədbiri kimi Avstriyanın Moskvadakı səfirliyinin əməkdaşını “persona non grata” elan etməsi barədə nota verilib. O, aprelin 18-də günün sonuna kimi Rusiya ərazisini tərk etməlidir. Cavabımız bununla bitmir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Avstriya tərəfi martın 13-də iki rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Ölkənin Xarici İşlər Nazirliyi onların diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər etdiklərini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılmasını əsassız adlandıraraq Avstriya hakimiyyətinin hərəkətlərinə cavab verəcəyini vəd etmişdi.

Mənbə: RİA Novosti