ABŞ, Koreya və Yaponiya birgə hərbi dəniz təlimləri keçirdi - FOTO
Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn raket-nüvə təhlükəsi fonunda ABŞ-nin təyyarədaşıyan gəmisinin iştirakı ilə üçtərəfli hərbi dəniz təlimləri keçiriblər.
Bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.
“Təlimlər Şimali Koreyadan artan raket və nüvə təhlükəsinə reaksiya verilməsi məqsədilə üç ölkənin birgə imkanlarının təkmilləşdirilməsi məqsədi daşıyıb”, - deyə Seuldan bildirilib.
Cənubi Koreya qeyd edib ki, manevrlər 2023-cü ildə Kemp-Deviddə keçirilən ABŞ-Cənubi Koreya-Yaponiya sammitində razılaşdırılan üçtərəfli təlimlər üzrə uzunmüddətli plana uyğun olaraq həyata keçirilib.
Təlimlər 11-12 aprel tarixlərində Cənubi Koreyanın Çedjudo adasının cənubunda beynəlxalq sularda baş tutub. Təlimlərdə ABŞ-nin nüvə təyyarədaşıyan gəmisi “Theodore Roosevelt” də daxil olmaqla ümumilikdə 6 gəmi iştirak edib. Cənubi Koreya və Yaponiya hər biri “Aegis” ilə təchiz olunmuş esmines, ABŞ isə üç “Arleigh Burke” sinifli esmines göndərib.
Tərəflər həmçinin sualtı qayıqlara və sualtı qayıqlardan buraxılan ballistik raketlərə qarşı mübarizə, habelə kütləvi qırğın silahlarının elementlərinin qeyri-qanuni daşınması cəhdlərinə qarşı mübarizə, gəmilərin axtarışı və xilas edilməsi üzrə hazırlıq məşqləri keçiblər.
Mənbə: “Yonhap”