Əməkdar artist Faiq Sadıqovun son durumu AÇIQLANDI - YENİLƏNİB + FOTO
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Bunu Lim10.az-ın sorğusuna cavab olaraq F.Sadıqovun ilk olaraq yerləşdirildiyi Liv Bona Dea hospitalın Mətbuat Xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub ki, Faiq Sadıqov hospitala ağ ciyər pnevmoniyası diaqnozu ilə yerləşdirilmişdi.
“Vəziyyəti ağır olduğu üçün bir neçə gün idi ki, süni tənəffüs aparatına qoşulu vəziyyətdə müalicə alırdı. Həkimlərin səyi nəticəsində vəziyyəti kifayət qədər yaxşılaşmışdığı üçün bu gün süni tənəffüs aparatından ayrılıb palataya köçürülməli idi. Lakin ailəsi tərəfindən onun başqa xəstəxanaya köçürmək istənildi və ailəsinin istəyinə əsasən o, Mərkəzi Neftçilər xəstəxanasına köçürüldü”- deyə bildirilir.
Əzizə İsmayılova
15:24
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.
Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib.
Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:
“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı. Atamın qəfil vəziyyəti pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, atamın müalicəsinə köməklik göstərsinlər”.