Paşinyan Rusiya sərhədçilərini Azərbaycanla həmsərhəd bölgədən çıxaracağını deyir
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusya sərhədçilərinin Azərbaycanla həmsərhəd Tavuş rayonundan çıxarılacaqlarına dair bəyanatına reaksiya verib.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Yerevan Ermənistan ərazisindəki 102 nömrəli Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir rəsmi bildiriş verməyib. Halbuki baş nazir Paşinyan 102 nömrəli bazadan yox, konkret Tavuşdakı Rusiya sərhədçilərindən danışmışdı.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ötən həftəsonu onun sualına cavab verən baş nazir Rusiya sərhədçilərinin Tavuş rayonundan çıxarılacaqlarını təsdiqləmişdi.
Peskov vurğulayıb ki, Moskva bu məsələnin tez bir zamanda Putin və Paşinyan arasında müzakirə olunacağını gözləyir.
O belə bir görüşün nə vaxt baş verə biləcəyini deməyib.
Nikol Paşinyan demişdi ki, Tavuş rayonundakı Rusiya bazaları oradakı situasiyaya görə qurulmuşdu, amma indi bu situasiya əhəmiyyətli şəkildə dəyişib və dəyişiklik bütün başqa istiqamətlərdə də əksini tapmalıdır:
"Bu o deməkdir ki, indi bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülh rəmzidir. Bu o deməkdir ki, burada Ermənistan və Azərbaycan sərhədçiləri müstəqil və qarşılıqlı əlaqə şəklində sərhədi qoruyacaqlar”.
Etirazlar davam edir
Ermənistanın şimalında, Azərbaycanla həmsərhəd Tavuş rayonunda üç gündür ki, yüzlərlə yerli sakin hökumətin bu rayonun bitişik ərazilərinin Azərbaycana qaytarılması qərarına etiraz olaraq Yerevan-Tbilisi magistralını bağlayıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti Azərbaycanın dörd kəndi də daxil ərazilərin birtərəfli qaydada Azərbaycana qaytarılmasına dair qərarı ötən həftəsonu Bakı və Yerevan arasında sərhədin delimitasiyasına dair razılaşma əldə olunduqdan sonra qəbul edib.
Azatutyun yazır ki, sözü gedən dörd kənd (Qazax rayonunun Aşağı Əskipara, Xeyrımlı, Bağanis Ayrım və Qızılhacılı kəndləri) Ermənistan tərəfindən 1991-1992-ci illərdə işğal olunub.
Azatutyun qeyd edir ki, elə həmin vaxt Azərbaycan da Tavuş rayonuna aid böyük təsərrüfat torpaqlarını tutub, lakin ilkin delimitasiya razılaşmasına görə bu ərazilərin Ermənistana verilməsi nəzərdə tutulmur.
Ermənistanın baş naziri Nikol Paşinyan Qərb tərəfindən də dəstəklənən razılaşmanı müdafiə edərək deyib ki, bu, Azərbaycanla daha bir müharibənin qarşısını alıb.
Lakin Azərbaycana veriləcək ərazilərə bitişik erməni kəndlərinin sakinləri bu prosesə qarşı çıxırlar. Onlar iddia edirlər ki, gələcək sərhəd onların torpaq sahələrinə bitişik olacaq və buna görə də erməni sakinlər üçün təhlükə yaradacaq.
Kilsə və müxalifət
Azərbaycana aid ərazilərin Bakının nəzarətinə verilməsini Ermənistan müxalifəti və Erməni Kilsəsi də tənqid edir.
Onlar deyirlər ki, veriləcək yerlər strateji mövqeyə malikdir. Bu da vurğulanır ki, Ermənistanı qazla təchiz edən boru kəməri də bu ərazidə yerləşir. Erməni sakinlər habelə Yerevan-Tbilisi yolunun Kirants kəndi yaxınlığındakı sektorunun Azərbaycanın nəzarətinə keçəcəyindən narazıdırlar.
Azatutyun yazır ki, Erməni Kilsəsinin Tavuş yepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulub.
Xəbərdə deyilir ki, sakinlər ötən şənbə onlara baş nazirin müavini Mher Qriqoryanla görüş vəd olunandan sonra yolu açsalar da, magistral aprelin 22-də yenidən bloklanıb.
Azatutyun bunu da yazır ki, ərazidən Ermənistan hərbçilərinin sözü gedən ətrafı minalardan təmizləməsinə dair xəbərlər gəlir. Yerli sakinlərin fikrincə bu, ərazinin Azərbaycanın nəzarətinə verilməsinə hazırlıqdır. Ermənistan Müdafiə Nazirliyi bu barədə heç bir açıqlama verməyib.
Xəbərdə bildirilir ki, Aşağı Əskipara kəndi ərazisindəki kilsənin ətrafı da minalardan təmizlənir. Yepiskop və etirazçılar minalardan təmizləmənin dayandırılmasını tələb edirlər. Bu arada Ermənistan hərbçiləri kilsənin yaxınlığında toplaşanları ərazidən uzaqlaşdırmağa çalışırlar.
Yepiskopa icazə verməyiblər
Azatutyun xəbər verir ki, xüsusi təyinatlı polis etirazçılarla kilsə arasında olan xətt boyunca keşik çəkir.
Onlar yepiskop Qalstanyanın əraziyə daxil olmasına icazə verməyiblər. 2021-ci ildə yaradılmış Aprelu Yerkir partiyası fəallarının da etirazçılar arasında olduqları xəbər verilir.
Bu da xəbər verilir ki, aprelin 21-də Tavuş rayonu ərazisində dövlətlərarası yolu bağladıqlarına görə “Döyüşkən qardaşlıq” adlı qeyri-hökumət təşkilatının 7 üzvü həbs edilib və barələrində cinayət işinə başlanıb.
Aprelin 19-da Bakı və Yerevan iki ölkə arasındakı dövlət sərhədinin Tavuş-Qazax sektorunda delimitasiya barəsində ilkin razılığa gəliblər.
Bu razılaşmaya əsasən Ermənistan Qazax rayonunun dörd kənini Azərbaycan tərəfinə təhvil verməlidir.
Bundan sonra bu barədə tərtib edilmiş protokol mayın 15-dək imzalanmalıdır. Beləliklə sərhədin bu hissəsi rəsmən demarkasiya edilmiş sayılacaq.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi başqa kəndlərinin işğal edildiyini açıqlayıb.
2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.
Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib