Keçmiş nazirlə İcra Hakimiyyətinin korrupsiya qoxulu maşın alveri...

 


Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 1400064731) ilə satınalma müqaviləsi imzalayıb.
 
Sumqayıt Şəhər İcra Hakimiyyəti “İmprotex Motors” MMM-dən 133 min manata  “BMW 520i” markalı minik avtomobili alacaq.

Məlumat üçün bildirək ki, hazırda ölkənin aparıcı elan saytlarında 2023-cü il istehsalı olan və cəmi 24 km yürüşü olan “BMW 520i” markalı minik avtomobili 115 min 600 manata satışa çıxarılıb.

Qeyd edək ki, bu müqavilə bir mənbədən satınalma metodu ilə bağlanılıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Bu səbəbdən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq nazirdən satın aldığı avtomobilin bazardakı qiymətdən 17,4 min manat baha olmasının səbəbi bilinmir.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, İcra Hakimiyyətinin “BMW 520i” markalı avtomobil alması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, satınalma prosesinin bu şəkildə keçirilməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.