"Bakcell" haram milyonları necə "qazanır"?

Mətbuatda mobil operatorların vətəndaşlara yaratdığı problemlə bağlı dəfələrlə yazılar dərc olunub. Bunlardan ən önəmlisi isə xəbərsiz olaraq balansdan pulun yoxa çıxmasıdır. Yəni, müəyyən vaxtlarda ya lazımsız mesajlar üçün, ya da başqa bəhanələrlə müxtəlif məbləğlər tutulur. Bu da vətəndaşların haqlı narazılığna səbəb olur.

“Bakcell”in balansdan növbəti “pulyığma” taktikasının sirləri  açıqlandı.

Məlumdur ki, nömrədə kontur bitdiyi vaxt təcili zənglər üçün məcburən kredit almağa üz tuturuq. Hamı nömrəsinin balansında son 4, 5, və ya 6 qəpik qaldıqda zəng getmədiyi üçün kredit götürür. Kreditin qiyməti 1 manat olduğu halda kredit götürdükdən sonra nömrənnin balansında ya 1 manat ya da 0.98 qəpik göstərir. Yəni əvvəl balansda olan 4, 5, və ya 6 qəpik hara getdiyi bilinmir. Balansa kontur vurulduqda isə 20 qəpik kredit haqqı çıxılır. Burdan belə sual ortaya çıxır, əgər kredit haqqı çıxılırsa balansda olan müəyyən məbləğlər hara və niyə silinir?

Nəzərə alsaq ki, "Bakcell"-in üç milyon istifadəçisi var və hər bir istifadəçinin balansından hər dəfə kredit götürdükdə 4, 5, 6 qəpik çıxılsa, bunu bir aya, bir ilə vurduqda isə yüz minlərlə manat vəsaitin vətəndaşlardan mənimsənilməsi hadisəsinin şahidi oluruq. Vətəndaşın balansından 4, 5, və ya 6 qəpik silindikdə çox vaxt vətəndaş bunu hiss eləmir. Buna şahid olduqda isə az məbləğ olduğu üçün reaksiya vermir.

Ancaq nəzərə almaq lazımdır ki, üç milyon istifadəçisi olan "Bakcell" üçün bu az məbləğ yüz minlərlə vəsait deməkdir. Vətəndaşların görə bilmədiyi bu az məbləğdən Bakcell milyonlar qazanır. Əgər üç milyon abunəçinin hər birindən "Bakcell" 4 qəpik oğurlasa, bu 120 min, 5 qəpik oğurlasa, 150 min, 6 qəpik oğurlasa, 180 min manat manat "qazanc" əldə etmiş olur. Hələ biz manatlarla baş tutan "oğurluq"lardan danışmırıq...

Fərqanə Kərimova