Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinq iştirakçıları Rustaveli prospektini bağlayıblar.
Etirazçılar mayın 2-də axşam saatlarında növbəti etiraz aksiyası keçirməyə başlayıblar.
Artıq parlamentdən kənarda siyasi çıxışlar üçün səhnə qurulub.
Etirazların daha bir episentri - Rustaveli prospektindən bir neçə kilometr aralıda yerləşən Qəhrəmanlar Meydanıdır və burada artıq xarici agentlər haqqında qanun layihəsinə qarşı çıxanlar toplaşıblar. Məhz burada polislə etirazçılar arasında toqquşmalar baş verib.
Məlumata görə, polis yolları bağlayan etirazçıların bir qismini saxlayıb.
Daha əvvəl, nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib.
Mənbə: TASS