İlk dəfə Nəsiminin dərisi soyulmadı... - FOTO
İlk dəfə idi ki, Nəsimi Afətinə “vəsf zamanı deyil, Afət” demədi. İlk dəfə idi ki, Nəsiminin dərisi soyulmadı, əksinə, özü asdı, kəsdi. “Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz”, - demədi. İlk dəfə idi ki, iki cahana sığmayan şair “YUĞ”un balaca səhnəsində Həqqin nə olduğunu, kim olduğunu, necə və kimdə olduğunu bütün detalları ilə göstərdi. Söhbət İmadəddin Nəsimiyə həsr olunmuş İlqar Fəhminin eyni adlı pyesi əsasında Mehriban Ələkbərzadənin tamaşaya qoyduğu “Mənəm, mən...” tamaşasından gedir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
“Mənəm, mən” deməyə layiq tamaşa
Birinci ondan başlayaq ki, “Mənəm, mən...” adlı bu tamaşa elə doğrudan da qürurla sinəsinə döyüb, başını uca tutub “mənəm, mən” deməyə tam layiqdir. “YUĞ” teatrının tamaşaçıları peşəkardırlar. Onları aldatmaq mümkün deyil. Səhnə də zalla o qədər həmahəngdir ki, sanki ikisi arasında heç bir sərhəd müəyyənləşməyib, az qala, aktyor tamaşaçı ilə göz-gözə, nəfəs-nəfəsə təmasda oynayır. Yox, oynamır. Yaşayır və yaşadır. Tamaşa boyu gərginlik, suallar və deyərdim ki, həm də qorxu içində davam edən süjet zənciri tam sona qədər insanın gözlərini qırpmadan, nəfəs almadan ona baxmağa sözün yaxşı mənasında məcbur edir.
Xeyir və Şər bir-biri ilə vuruşur
Maraqlısı budur ki, Nəsimi tamaşada sanki özü-özünü axtarır. İçindəki “olmaz” zəncirlərini qırıb, şairi üzə çıxarmağa çalışır. Dinə zidd gedən, özünə “həqq” deyən Nəsimi tapılmalı, boynu vurulmalı, boğazına qurğuşun tökülməli, əlləri biləkdən kəsilməlidir. Bu yolda Xeyir və Şər bir-biri ilə vuruşur. Nəsimi qarşısındakı “Mənəm Nəsimi” deyənləri bir-bir edam etdikcə, səsini boğduqca sanki zahirindəki Şər hissə-hissə, parça-parça tikişlərdən sökülməyə başlayır. Xeyir Şərə qalib gəlmək üçün gecəni gündüzə yetirmək, günəşi doğurmaq üçün onun bütün varlığını ələk-vələk edir, astarını üzünə çıxarmağa can atır. Onun zahiri də batini ilə döyüşür.
Tamaşadakı Nəsimi konkret Nəsimi personajı deyil. Tamaşaçı sadəcə duyur ki, “Seyid Əli” (İlqar Fəhminin əsərində adı Seyid Əhməd Şamlıdır - red.) adlanan obraz Nəsimidir. Obrazın içində iki əks obraz var. Buradakı Nəsimi qəhrəmandan daha çox, ideyadır, ruhdur, fikirdir, düşüncə, üslub və baxışdır. Yəni, bu Nəsimi cismani Nəsimi deyil. Mənəvi, görünməz, daha çox toxunula bilən yox, hiss edilə bilən Nəsimidir.
Obrazı obraz edən aktyorun özüdür
Tamaşanın mövzusu, quruluşu və ideyası güclü aktyor heyətinin olmasını tələb edir. Çünki verilən tapşırığın öhdəsindən gəlmək üçün məhz peşəkar aktyorlara ehtiyac var. Qrim, dekorasiya, işıqlar, musiqi sadəcə fondur. Obrazı obraz edən aktyorun özüdür. Aktyor obrazın dərisinə nə qədər mükəmməl girə bilsə, ruhunu, canını, hətta səs tonunu o obraza nə qədər çevirə bilsə, tamaşa səhnədə bir o qədər uğur qazanacaq. Bu baxımdan aktyor heyətini döyüş batalyonu da adlandırmaq olar. Hamısı bir nöqtəyə mükəmməlcə vurub tamaşanı tamaşa edə biliblər. Onlar səhnəmizin parlaq simaları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov idi. Hər birinin səhnədə oyunu bir-birini arada boşluq qalmadan, bir bütöv kimi, vəhdət kimi tamamlayır. O balaca səhnə dönüb böyük bir elm, ədəbiyyat, mədəniyyət epoxasını tamaşaçıya körpü edir.
Aktyorların quş yüngüllüyü ilə hərəkətləri heyran edir
Tamaşanın dinamikliyi, səhnələrin bir-birinin ardınca sanki heç bir pauzasız, tamaşaçını yormadan, sıxmadan davam etməsi və kulminasiya nöqtəsinə çatması da diqqəti çəkir. Aktyorların plastikası, cəldliyi və sanki bir quş yüngüllüyü ilə səhnədə hərəkəti heyran edir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, plastik həllin müəllifi Ceyhun Dadaşovdur. Xalq artisti Aygün Səmədzadənin musiqisi də səhnəni tamamlayır.
Hərənin öz doğrusu...
Tamaşa elə yazılıb, elə qurulub ki, heç kim haqlı deyil, heç kim haqsız da deyil. Hərənin özünə görə doğruları var. Hər bir obraz öz doğrusunu bildiyi, bacardığı qədər mühafizə edir, onun uğurunda mübarizə aparır. Qarşı-qarşıya duran tərəflərdən yuxarıda şərti olaraq adlandırdığım Xeyir və Şər də ayrı-ayrılıqda özlərinə görə haqlıdırlar. Hansının doğrudan da haqlı, hansının haqsız olduğunu, şər və xeyir olduğunu ayırd etmək də olduqca mürəkkəb məsələdir. Buna hər bir tamaşaçı öz dünyagörüşü, düşüncəsi, fikirlərinə əsaslanaraq özü qərar verir.
Ümumiləşdirsək, bu tamaşada həm tarixi, həm ədəbi hadisələr cərəyan etdiyi dövrə uyğun ab-havada, ifrat pafosdan uzaq, müasir formatda təqdim olunub.