“Fars” xəbər ajansından Azərbaycana qarşı növbəti provokasiya
“İran XİN Şəhla Fərəcovaya dəstək çıxmalıdır”
SEPAH-a yaxın “Fars” xəbər ajansı yazır ki, agentliyə bağlı “Fars-e mən” qrupunun istifadəçiləri kampaniya başladaraq İran Xarici İşlər Nazirliyinin Azərbaycandakı şiə ictimai fəallarından olan, Şəhla Fərəcovaya dəstək verməsini tələb ediblər.
Daim Azərbaycanın daxili işlərinə müdaxilə edən və bu ölkəyə qarşı qərəzli mövqe sərgiləyən “Fars News” bildirib:
“Bu yaxınlarda Bakı polisi Binə qəsəbəsində yaşayan xanım Şəhlanın evinə daxil olub evinin divarına yazılmış “Ya Hüseyn, Ya Abbas” şüarlarını silərək, bunu radikal şüarlar adlandırıb, həmin xanımı isə qanun pozucusu. Azərbaycan hökuməti ölkədə dini bayraqların və yazıların olmasının qarşısını alır, halbuki ölkənin bütün yollarında, hətta dövlət idarələrində Türkiyə və “sionist rejimin” bayraqları asılıb”.
Qeyd edək ki, İslamı öz siyasi maraqları üçün alətə çevirən İran hökumətinin “Fars” xəbər ajansı başqa ölkələrin daxili işlərinə qarışmaqdansa, İranda insan haqlarının kobud şəkildə pozulmasına, milli, etnik və dini azlıqların həbsə atılmasına, edam edilməsinə və işkəncələrə, basqılara məruz qalmasına, ölkədə iqtisadi böhran, bahalaşma, kəskin inflyasiya, işsizlik, koronavirus və son vaxtlar vəba xəstələyinin yayılması nəticəsində minlərlə insanın ölməsinə, Tehranın isə qonşu ölkələrlə gərgin münasibətlərinə və bölgədə proksi qruplaşmaları yaradaraq xarici ölkələrin daxili işlərinə qarışmasına göz yummaqdansa, bir media olaraq ölkənin sadalanan problemlərini işıqlandırsa, daha faydalı olar.