Dünyada ucuzlaşan bitki yağları bizdə niyə bahalaşir?

 

Doğrudan da Azərbaycan vətəndaşını başlığâ çıxardığımız sual çox ciddi şəkildə düşûndürür. Yalnız sentiyabr ayında dünya bazarında 6.6% ucuzlaşan bitki yağları Azərbaycanda 14% bahalaşıb. Düzdür, bitki yağlarının satışı və istehsalı ilə məşğul olan şirkətkərin nümayəndələri bahalaşmanı dünya bazarındakı bahalaşma ilə əlaqələndirir. Amma dünya bazarında iyul ayının sonundan başlayaraq digər ərzaq məhsulları kimi, bitki yağları da ucuzlaşmağa başlayıb. Dünyada ucuzlaşmadına baxmayaraq, yerli tələbatın 80%-i xaricdən idxal edən bitki yağları bizdə bahalaşır. Bəs səbəb nədir?
Birinci səbəb ölkədə aybaay sürətlənən infliyasiyadır. Unutmayaq ki, yalnız bitki yağları deyil, ölkədə bütün ərzaq məhsulları bahalaşır. Ümumi bahalaşma isə bitki yağlarına da təsirsiz ötüşmür.
İkincisi isə Azərbaycan iqtisadiyyatını alaq otu kimi altına alan inhisarçılıqdır. Bu ilin aprel-iyul aylarında bütün ərzaq məhsulları, o cümlədən də bitki yağları sürətlə bahalaşdı. Bu Rusiyanını Ukrayna limanlarını blokadaya alması ilə bağlı idi. Lakin bu blokada 21 iyulda aradan qaldırıldı. İndi Ukrayna limanlarından əvvəlki dövrlə müqayisədə 30 faiz artıq ərzaq məhsulları dünya bazarına çıxarılır. Bu da ucuzlaşmaya səbəb olur.
Digər tərəfdən, bu il dünyada kənd təsərrüfatı üçün əlverişli hava şəraiti olduğundan əvvəlki illərə nisbətən məhsuldarlıq 20-30% yüksəlib. Lakin daxili bazar və idxal inhisar altında olduğundan inhisarçı sahibkarlar qeyd etdiyimiz dövrün psixoloji vəziyyətindən istifadə edərək qiymətləri günbəgün bahalaşdırır. Rəqabətli bazarın əksinə olaraq, inhisarçı bazarda sahibkar qiymətləri çox asanlıqla qaldıra bilir. Çünki onun çəkinib-qorxacağı bir rəqib mövcud deyil. Nə qədər ki, Azərbaycanda inhisarçılıq höküm sürəcək, o vaxta qədər biz nə qiymətlərin ucuzlaşmasını, nə də keyfiyyətin yüksəlişini müşahidə edə bilməyəcəyik.


Akif Nəsirli