İran hakimiyyəti mayın 20-də ölkənin şimal-qərbində baş verən helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisinin öldüyünü rəsmən təsdiqləyib. Faciənin baş vermə səbəbləri hələ də müəyyən edilir.
News.ru-ya müsahibə verən ekspertlər helikopterin həddindən artıq yüklənməsinin qəzaya səbəb ola biləcəyini irəli sürüblər və diqqəti İslam Respublikasında mövcud olan aviaparkın köhnəliyinə cəlb ediblər.
Rusiya Qəhrəmanı, Aviasiya general-mayoru Sergey Lipovoy news.ru-ya açıqlamasında bildirib ki, helikopter tamamilə yanıb, buna görə də insanları xilas etmək şansı praktiki olaraq olmayıb. Mütəxəssis əmindir ki, qəza mayakına gəlincə, o, çox güman ki, yanıb, ona görə də axtarışlar uzun çəkib.
"Qəzanın səbəbi pilotun səhvi ola bilər. Belə ki, helikopter təhlükəsiz hündürlüyə qalxmağa vaxt tapmayıb və yamaca ilişib", - deyə Lipovoy iddi edib.
Ekspert həmçinin "Bell-212"nin həddindən artıq yüklənməsini də istisna etmir.
"Bu helikopter böyük tutumlu helikopter deyil. Səkkiz nəfər belə bu model üçün çoxdur. Bundan əlavə, ola bilər ki, buzlanma əleyhinə sistem işlədiyi üçün helikopterin enerjisini alıb. Bu səbəbdən hərəkət və qaldırma qüvvəsi zəifləyib. Ola bilsin ki, məhz bu amil helikopterin vaxtında dağlardan təhlükəsiz hündürlüyə qalxmasına imkan verməyib", - deyə ekspert ehtimal edib.
Hərbi ekspert, aviasiya mühəndisi Aleksey Leonkov da fəlakətə həm pilot səhvinin, həm də helikopterin texniki nasazlığının səbəb ola biləcəyini bildirib.
"Biz helikopterin qalıqlarının texniki ekspertizasını aparmalıyıq. Bütün texniki pasportlarına baxmaq lazımdır. Onun necə qulluq edildiyini, istismar edildiyini, helikopterin aqreqatlarının və komponentlərinin dəyişdirilib-dəyişilmədiyini, bu helikopterin üzlüklə örtüldüyünü, qara qutunun nəyi göstərdiyini və sairə. Eyni şey pilotlara da aiddir: Onların necə öyrədildiyi, helikopterin uçuşa hazır olub-olmaması, üzərindəki hər şeyin qaydasında olub-olmaması. Pilotlar nə dərəcədə ixtisaslı idilər? Axı onlar dağlarda və çətin hava şəraitində pilotluq ediblər", - deyə o vurğulayıb.
İranın təyyarəsinin yararlılığı ekspertlərdə suallar yaradıb. Ölkə onilliklərdir ki, sanksiyalar altındadır və yeni təyyarələr, helikopterlər ala bilmir. İranın hava donanması dünyanın ən köhnə aviadonanmalarından biridir. Məsələn, "Iran Air" beynəlxalq aviaşirkətinin təyyarələrinin orta yaşı 18,4 ildir. Başqa bir korporasiya olan "Iran Airtour"un təyyarələrinin orta yaşı isə 32,1-ə çatır. Aviaparkı işlək vəziyyətdə saxlamaq üçün Tehran ehtiyat hissələrinin paralel idxalından, həmçinin üçüncü ölkələrdə lizinqdən istifadə edir.
Aviasiya "kannibalizmi" deyilən amil İranda çoxdan normaya çevrilib. Aviadaşıyıcılar bəzi təyyarələrin istifadəyə yararlı komponentlərini digərlərini təmir etmək üçün çıxarırlar.
ABŞ-nin "Bell-212" helikopteri 1960-cı illərin sonlarında hazırlanıb. Aleksey Leonkov bildirib ki, Rəisinin uçduğu bu model indi də bir çox ölkələrdə istifadə olunur.
"Birinci şəxs uçan zaman göyərtə adətən intensiv şəkildə hazırlanır və yoxlanılır. Doğrudanmı İran hökumətinin təyyarə parkında buna göz yumanlar var? Onlar prezidentin nə ilə uçması ilə maraqlanmalıdırlar. Hər halda, indi ekspertizanın nəticəsini gözləmək lazımdır", - deyə o bildirib.