Lökbatanda Bakının əsas su kəmərini kim partladıb? Ehtiyatlı olun, hər an partlaya bilər!
Oktyabrın 15-i, səhər saatlarında Bakı şəhərinin cənub-qərb çıxışı - Bakı-Qazax yolu fövqaladə hal səbəbindən bağlandı. Bakı şəhərini su ilə təmin edən ən böyük su kəməri - Kür-Bakı magistral su kəməri Lökbtan qəsəbəsi ərazisində bartladı. Qəzanın nəticələri tam bir sutka ərzində aradan qaldırıla bildi. Bu qəzanı eşidən hər kəsdə belə bir fikir formalaşdı ki, qəza heç vaxt tam şəkildə sığortalana bilməyən hadisədir, yəni adı haldır. Əslində isə bu adi hal deyil. Bu gün Azərbaycan xalqına bir kubmetri, yəni tonu 40 manata su satan şirkət işini elə qurmalıdır ki, belə biyabırçı qəzalar baş verməsin.
Ölkənini içməli su təsarrüfatında belə qəzalar çox tez-tez baş verir. Lakin bu dəfəki qəza zamanı Bakı-Qazax yolunu su basaraq nəqliyyatın hərəkətini saatlarla dayandıra bildi. Məhz bu səbəbdən qəza haqqında bütün ölkə xəbər tutdu. Bəs bu cür qəzaların səbəbi nədir?
Fikrimizcə, ölkənin su təsərrüfatında vaxtaşırı baş verən qəzaların əsas səbəbi korrupsiyadır. Hər bir detal və ya əşyanın istismar müddəti mövcuddur. Bu istismar müddəti bitdikdən sonra həmin detal yenisi ilə əvəzlənməlidur. "Azərsu" ASC-də isə belə tədbirlərin görülməsi üçün çox tez-tez aktlar tərtib edilir, vəsait ayrılır. Amma tədbirin görülməsi deyəsən yaddan çıxır. Beləcə öz istismar müddətini başa vurmuş borular bir gün dözməyib partlayır. Bu dəfə yaxsı ki, su yolu basdı, həmin kəmər Bakıya qədər onlarla yaşayış məntəqəsindən keçır. Kəmər növbəti dəfə bir kəndi və ya qəsəbəni su altında qoya onun xərcini kim ödəyəcək? Əlbəttə, dərhal dövlət büdcəsi yada düşəcək. Deyəcəklər, təbii fəlakətdir, heç kimin gözləmədiyi halda baş verib, bunun xərcinə yalnız dövlət büdcəsinin gücü çatar. Daha yada salan olmayacaq ki, bu partlayışı törədənlər "Azərsu" ASC-nin korrupsianerləridir.
Hesablama Palatası 2019-cu il dövlət büdcəsi xərcləmələrinin auditi zamanı aşkarkamışdı ki, "Azərsu" ASC dövlət büdcəsinə ödədiyi hər bir manata görə dövlət büdcəsindən 40 manat datasiya alıb. Başqa sözlə desən, ASC suyun 1 tonunu müştərilərinə 40 manata satıb. Halbuki, Bakıda su maşınları suyun bir tonunu 2 manata satır. Biz elə bilirik su maşınları çox bahaçıldır. Amma yanılırıq, çünki onlar ən azı "Azərsu" ASC-dən suyu 20 dəfə ucuz satırlar. Əslində isə kəmərlə nəqletmə dünyada bütün nəqliyyat növündən ən ucuzu, maya dəyəri aşağı olanı hesab edilir. Bu işdə də Azərbaycanın unikallığı göz qabağılndadır. Bu məmləkətdə bütün teorim və aksiyonaların əksini sübut edən, dahi dövlət məmurlarımız var.
Təkcə bu fakt yəqin ki, "Azərsu" ASC-də korrupsiyanın hansı səviyyədə olması barədə hamıda təsəvvür yaratdı. Odur ki, su kəmərləri keçən yerlərdə ehtiyatlı olun, hər an partlaya bilər.
Akif Nəsirli