"Qazax rayonunun dörd kəndinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülməsi və bu ərazidə delimitasiya prosesində Azərbaycanın bir qarış torpağının da Ermənistana verilməməsi ilk növbədə Prezident İlham Əliyevin prinsipial qələbəsidir".
Bu sözləri Lim10.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib:
"Bildiyimiz kimi, möhtərəm Prezident hələ bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, "O kəndlər ki, anklav deyil, onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır". Yəni siyasi iradə artıq aydın idi ki, Azərbaycan beynəlxalq hüquqa əsasən özünə məxsus olan bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyil.
Azərbaycan Respublikasının Prezidentinin ardıcıl hərbi-siyasi qələbələri fonunda Ermənistan və havadarları da yaxşı başa düşürdülər ki, bu, Bakı üçün müzakirə mövzusu deyil. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli razılığa müvafiq olaraq, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan 6,5 kv.km ərazinin azad edilməsi faktiki olaraq müzəffər Ali Baş Komandanın 2020-ci il 10 Noyabr Bəyannaməsi ilə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurunun heç də daha asan olmayan bir situasiyada təkrar olunması demək idi".
Deputat Ermənistanla delimitasiya və demarkasiya prosesinin çətin keçəcəyini bildirib:
"Ümumiyyətlə, məlumdur ki, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb bir prosesdir və Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında məhz Prezident İlham Əliyevin direktivlərinə uyğun müvafiq razılığa gəlinməsi, ardınca isə cəmi bir ay sonra Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edilməsi həm də göstərir ki, bu bölgədə lider iradə həm də beynəlxalq hüququn aliliyini təmin edə bilib".
Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu razılaşma həmin qüvvələrin ciddi məğlubiyyətidir:
"Eyni zamanda, məlumdur ki, Azərbaycan Prezidenti 10 may müsahibəsində həm də ifadə etmişdi ki, delimitasiya və demarkasiya prosesi Tovuz-Qazax bölgəsi istiqamətindən - hələ də işğalda qalan kəndlərimizdən başlanmalıdır. Bu gün reallaşan prosesin digər konseptual önəmi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın arasında delimitasiyanın və hətta demarkasiyanın məhz ilk olaraq bu istiqamətdə faktiki olaraq yekunlaşması göstərir ki, artıq Ermənistan hakimiyyəti Bakının beynəlxalq hüquqa əsaslanan bu mövqeyinin real mahiyyətini başa düşür və nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olduğunu, situasiyanın Ermənistan üçün hər hansı formada təhdid yaratmadığını dərk edir.
Ümumiyyətlə, reallıqda da kəndlərimizin geri qaytarılması barədə ilkin razılıq elə bir situasiyadır ki, sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür. Daha doğrusu, əgər Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu razılaşma həmin qüvvələrin ciddi məğlubiyyətidir. Əksinə, beynəlxalq hüquqa hörmətlə yanaşanlar isə özünün olmayan ərazilərə iddialardan könüllü surətdə əl çəkərək sağlam iradə nümayiş etdirməklə bu uğurdan pay götürə bilərlər. Aydındır ki, Azərbaycan hər hansı formada yeni hərbi gərginlik arzulamır, eyni zamanda, İlham Əliyev də dəfələrlə bu mövqeyini rəsmən bəyan edib".
Almaz Qasımova