Buğda istehsalının artırılmasında mühüm potensial var



Kənd təsərrüfatının inkşafı iqtisadi siyasətin prioritetlərindəndir. Hazırkı qlobal çağırışlar dövründə isə bu sahənin önəmi daha da artıb. Aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. Ölkəmizdə yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, aqrar sektora maliyyə dəstəyi, vergi, eləcə də texnika və gübrə təminatı ilə bağlı tətbiq edilən güzəştlər, taxılçılığa subsidiya verilməsi, bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır.

Bu baxımdan, aqroparklar səmərəli mexanizmdir. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadə, düzgün aqrotexniki qulluq və s. həyata keçirirlər.

Hazırda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88.8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 37 sentner təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 32 sentner). Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 45 sentiner olub. Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 60-70 sentiner (ölkə üzrə 32 sentiner), qarğıdalı üzrə 120-150 sentiner (ölkə üzrə 60 sentiner), şəkər çuğunduru üzrə isə 800 sentiner (ölkə üzrə 430 sentiner) təşkil edib.

Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir.

Bu il də əvvəlki illərdə olduğu kimi ölkədə taxıl zəmilərinin məhsuldarlığı 30-32 sentiner təşkil edib. Hesablamalara görə, hazırda mövcud olan taxıl zəmilərinin məhsuldarlığını orta hesabla 50 sentinerə qaldırmaq kifayətdir ki, Azərbaycan ərzaq buğdası ixrac edən ölkəyə çevrilsin. Bunun üçün müasir aqrotexniki qaydalardan istifadə etmək, o cümlədən, selləmə suvarmadan yağış-dancı yolu ilə suvarmaya keçmək və yüksək məhsuldarlıqlı toxum sortlarını ölkəyə gətirərək yerli iqlimə - mühitə uyğunlaşdırmaq kifayətdir. 

Onu da qeyd edək ki, hazırda inkişaf etməkdə olan kənd təsərrüfatı ölkələrində hektardan 50 sentner ərzaq buğdası götürmək orta göstərici sayılır.  Dünya buğda istəhsalında yüksək göstərici 70-80 sentiner hesab edilir. Hətta, bu il Brazilya, Meksika və Hindistanda bəzi buğda sortları 90 sentiner məhsuldarlığa malik olub.