Baqrat meydanda tək qalır - Kilsə ondan üz döndərir

Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlatdığı "Vətən naminə Tavuş" hərəkatı hər gün yeni bir fiasko ilə üzləşir. Artıq meydanlara adam toplamaq, xalqı küçələrə səsləmək üçün bütün vasitələrə əl atan erməni keşiş dünən Baqramyan prospektində yoldan keçən uşaqlarla futbol oynayıb, onlara müəyyən fəndlər də öyrədib. Bir müddət İrəvan küçələrində turist obrazına bürünərək, gah o dövlət qurumunun, gah da bu dövlət qurumunun qarşısına dəstəsini dartıb aparan yepiskop bu dəfə futbol məşqçisi olmaq qərarına gəlib. Bununla belə, son günlər baş verən hadisələrin analizi sübut edir ki, Baqrat meydanda siyasi cəhətdən tək qalmaq üzrədir. Artıq Erməni Apostol kilsəsi Qalstanyanı meydanda tək buraxır. Bunu isə sübut edən bir sıra faktlar var.

Bir müddət əvvəl "Vətən naminə Şirak" hərəkatını başladan Şirak arxiyepiskopu Mikael Acapaxyanın açıqlaması bunu deməyə əsas verir. Maraqlıdır ki, bir neçə gün əvvəl Baqratı dəstəkləmək üçün Şirak regionunda iclas keçirən, müxtəlif simalarla, ağsaqallar şurası üzvləri ilə görüş keçirən Mikael nədənsə fikrindən daşınıb. Arxiyepiskop dünən axşam açıqlama verərək qeyd edib ki, bu, kilsənin yox, Baqrat Qalstanyanın hərəkatıdır. Görünür, artıq Eçmiədzin erməni keşişin siyasi cəhətdən sonunun çatdığını gördüyü üçün onunla bütün əlaqələrini kəsmək qərarına gəlib. Bununla da Apostol kilsəsi və II Qareginin hərəkatla heç bir əlaqəsi olmadığını bəyan edir, bununla da bütün məsuliyyəti Baqrata yükləyir. Çünki son günlər baş verənlər bütün ümidi kəsilən keşişin artıq qanlı toqquşmalara və ciddi təxribatlara əl atacağına işarə edir. Bu isə həm hərəkatın, həm hərəkat liderlərinin həbsi mənasına gəlir. Belə olduğu halda isə Eçmiədzin və II Qaregin də məsuliyyət altına düşə bilər. Çünki hərəkatın başladığı ilk günlərdən ruhani lider Tavuş arxiyepiskopunu dəstəkləyib, hətta onu gücləndirmək üçün "Vətən naminə Şirak" hərəkatına da start vermişdi. Məsələ bununla da bitmir.

Tavuşda demarkasiya nağılı oxuyan Baqrat paytaxt İrəvana çatanda baş nazir olmaq fikrini də ortaya atmışdı. Bu səbəbdən də kilsəyə müraciət edərək, dini səlahiyyətlərinin müvəqqəti dondurulması tələbini irəli sürmüş, Eçmiədzin də dərhal onun bu tələbinə müsbət cavab vermişdi. Bu isə dəstəkdən başqa bir şey deyildi. Amma hadisələrin gedişatı və Koçaryan ittifaqı ilə Baqratın uğursuzluq qazanması, baş nazirin impiçmenti ilə bağlı heç bir siyasi fəaliyyət göstərə bilməməsi, yəqin ki, II Qaregin və ətrafı tərəfindən də böyük narazılığa səbəb olub. Ehtimal etmək olar ki, bu səbəbdən də Baqratla bütün əlaqələrin qoparılması və gələcəkdə onu gözləyən məsuliyyətdən yaxa qurtarmaq üçün düyməyə basılıb.

Arxiyepiskop Mikael eyni zamanda qeyd edib ki, hərəkat bir neçə ruhani tərəfindən dəstəklənsə də, bir çoxları bunu uyğun saymayıblar. Bu səbəbdən də hərəkat kilsənin hərəkatı sayılmamalıdır. Elə bu cümlə keşişin meydanda artıq ciddi dəstək itirdiyinə işarə edir.

"Srbazan"ın kilsə tərəfindən meydanda tək buraxılmasını sübut edən digər faktlar da var. 11 iyun tarixində Eçmiədzində Ali Ruhani Şuranın geniş tərkibdə iclası keçirilib. Gözlənildiyi kimi, bir neçə saat davam edən iclasda daxili məsələlər, vətənin qarşılaşdığı xarici təhdidlər və kilsə, vəftizlə bağlı digər məsələlər müzakirə edilib. Apostol kilsəsinin yaydığı heç bir mətndə Baqrat və "Vətən naminə Tavuş" hərəkatı ilə bağlı bir söz də işlədilməyib. Amma bir müddət əvvəl Qaregin bir sıra görüşlərdə məhz bu hərəkatdan söz açırdı. Bununla bağlı kifayət qədər material erməni media resurslarının arxivində var.

Eyni zamanda, II Qaregin Amerika Erməni Assambleyasının prezidenti Kerolin Muqar və təşkilatın həmsədrləri ilə Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə edib. Söhbət zamanı ölkənin üzləşdiyi təhlükəsizlik problemlərinə, Ermənistandakı daxili siyasi və mənəvi-psixoloji vəziyyətə toxunulub. Dünyaya səpələnmiş ermənilərin həyatında kilsənin missiyasının əhəmiyyəti qeyd olunub. Göründüyü kimi, bu görüşdə də Baqratın hərəkatı müzakirə mövzusu olmayıb. Erməni Apostol kilsəsinin Mətbuat Xidmətinin uzun-uzadı press-relizində belə, "Vətən naminə Tavuş" hərəkatı ilə bağlı bir cümlə də qeyd edilməyib.

Göründüyü kimi, II Qaregin "asta qaçan namərddir" və "gəmi batanda birinci siçovullar aradan çıxır" misallarını rəhbər tutaraq, vaxtında tərpənib və Baqratla bütün əlaqələrini qoparıb.

Qalstanyanın isə meydanda tək qalacağı hələ ötən həftədən məlum idi. Çünki sözügedən müddət ərzində keşiş bəyan etmişdi ki, 50-dən çox beynəlxalq KİV-in iştirakı ilə mətbuat konfransı keçirəcək. Amma sonradan isə məlum olub ki, Baqratın mətbuat konfransı heç bir nüfuzlu beynəlxalq KİV tərəfindən işıqlandırılmayıb. Rusiyanın "TASS", "Sputnik" və "EaDaily" agentliklərindən başqa, arxiyepiskopun cəfəng açıqlamalarını işıqlandıran olmayıb. Ən gülməlisi də odur ki, Baqrata onlayn formatda sual ünvanlamalı olan beynəlxalq KİV jurnalistləri hansısa səbəbdən əlaqə yaratmayıblar və ona sual ünvanlamayıblar. Bunun əvəzinə isə bu farsın həmmüəlliflərindən biri olan Erik Antaranyan özləri tərəfindən yazılmış sualları naməlum jurnalistlərin adından səsləndirib. Amma nə o gün, nə də bu günə qədər bu beynəlxalq KİV-də çalışan jurnalistlərin adı açıqlanmayıb. Elə təkcə bu fakt Baqratın getdikcə əhatəsinin daraldığından xəbər vermirmi?

Rusiya mətbuat orqanlarının onu işıqlandırma səbəbi isə məlumdur. Bu məsələdə erməni keşişi tək qoymayan Ermənistanın sabiq prezidenti Robert Koçaryanın köməyi olub. Bununla yanaşı, "Hayastan" fraksiyasının deputatı Aqnesa Xamoyan etiraf edib ki, Koçaryan Baqrat Qalstanyanla yeni görüş keçirib və bu görüşün Rusiya Gününə təsadüf etməsi heç də təsadüf deyil. Tərəflərin görüşü zamanı hərəkatla bağlı məsələlər müzakirə edilib. Robert həm parlamentdə, həm də küçədə Baqrata bütün resursları ilə dəstək olmağa davam edəcəyinə söz verib.

Hadisələrin gedişatı isə göstərir ki, kilsə tərəfindən meydanda tək buraxılan Tavuş arxiyepiskopunun ətrafı getdikcə daha da daralacaq və Koçaryan tərəfindən planlaşdırılan təxribatlar baş tutmasa, hərəkat daha da sönəcək.

"Report" İnformasiya Agentliyi