Xəyanətinin üstü açılan britaniyalı kişi buna görə "Aplle"ı məhkəməyə verdi

Uzun illər həyat yoldaşına xəyanət edən britaniyalı kişi "Apple" şirkətini məhkəməyə verib. İddia ərizəsinə səbəb kişinin fahişələrlə yazışmalarının evdəki kompüterində aşkarlanması olub.

Britaniyalı kişi qadınlarla "iMessage" vasitəsilə əlaqə saxladığını və görüşlər təyin etdiyini, daha sonra isə "iPhone"undan bütün yazışmaları dərhal sildiyini iddia edir. Kişi arvadının eyni "Apple ID" ilə qoşulmuş "iMac" kompüterində bütün silinmiş mesajları görəcəyindən xəbərsiz imiş.

Məlum olub ki, hətta silindikdən sonra da yazışmalar ortaq "Apple ID"li digər cihazlarda saxlanılır. Həyat yoldaşı bütün bu mesajları gördükdən bir ay sonra boşanma ərizəsi verib.

Kişi boşanma prosesi nəticəsində 5 milyon funt sterlinqdən (10,8 milyon manat) çox pul itirdiyini və bu məbləği "Apple"dan tələb etmək niyyətində olduğunu bildirir.

Kişi "Apple" şirkətinin istifadəçiləri "iMessage" mesajlarını bütün əlaqəli cihazlardan silmək zərurəti barədə xəbərdar etməməsindən narazılığını bildirib. O, həmçinin, oxşar vəziyyətə düşmüş digər insanların da ona qoşularaq "Apple" a qarşı kollektiv iddia qaldıracağına ümid edir.

Mənbə: Gazeta.ru