Zəngəzur dəhlizi bütün Avrasiya üçün strateji obyektdir
Zəngəzur dəhlizinin əhəmiyyətini dəyərləndirən Türkiyənin Hacettepe Universitetinin professoru, iqtisadçı alim Ahmet Burçin Yereli deyib ki, Zəngəzur Türkiyədən Azərbaycana uzanan ticarət yolu üzərində strateji bölgədir: "Bu dəhliz Avrasiyanın ortasındadır və Şərq-Qərb ticarət yollarının ən strateji coğrafiyasına aiddir. Dəhlizin reallaşması Avropanın bir ucundan Asiyaya qədər fasiləsiz avtomobil yolu ticarətinin fəaliyyətinə imkan verəcək. Məsələyə təkcə Türkiyə-Azərbaycan ticarət əlaqələri baxımından deyil, Türkiyə ilə türk dövlətləri, Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət yönündən baxmaq daha düzgün olardı. Zəngilandakı hava limanı ilə bərabər tranzit dəhlizinin də olması bu bölgənin əhəmiyyətini daha da artıracaq. Türkiyə ilə Azərbaycan arasında ticarət yolları aktivləşdikcə bunun yerli və regional inkişafa təsirinin nəticələri sürətlə görünməyə başlayacaq. Bu bölgənin yükdaşıma və loqistika sektorundakı üstünlükləri ilə yanaşı, zəngin tarixini və təbiət gözəlliklərini də nəzərə alaraq deyə bilərik ki, yaxın gələcəkdə burada turizmin inkişaf edəcəyi gözlənilir”.