Yunanıstanda növbəti meşə yanğını: Evlər kül oldu

Yunanıstanın paytaxtı Afinanın ətrafında, Vari və Koropi yaşayış məntəqələri arasındakı avtomobil yolunun yaxınlığında güclü meşə yanğını başlayıb.

Bu barədə yerli yanğınsöndürmə xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın güclüdür və artıq azı iki ev külə dönüb. Hakimiyyət orqanları əhalini bu rayondan təxliyə edirlər. Həmçinin Koropidəki Kitsi və Lambrika rayonlarının sakinlərinə qısa mesaj göndərilərək dərhal ərazini tərk etmələri istənilib.

Yanğının söndürülməsi üçün təyyarə və helikopterlər də cəlb olunub.

Qeyd edək ki, son günlər Yunanıstanda yenidən isti hava şəraiti hökm sürür və güclü küləklər əsir. Quraqlıq və küləkli hava şəraiti yanğınların qarşısının alınmasını çətinləşdirir.

Onu da bildirək ki, bu gün Afinadan şərqdə yerləşən Markopoulo şəhərciyinin yaxınlığında, həmçinin Evboya adasında meşə yanğınları baş verib, ancaq hər iki yanğın lokallaşdırılıb. Bundan başqa Egey dənizindəki Naksos adasında təbii fəlakətin qarşısını vaxtında almaq mümkün olub.

Mənbə: TASS