Maqsud Əliyev adlı gəncin AXCP sədri Əli Kərimlinin məruzəçi olduğu “Demokratik dəyişikliklər üçün insan resursları” mövzulu ictimai mühazirədə iştirak etdiyinə və burada prezident İlham Əliyevin fəaliyyəti haqqında Ə. Kərimliyə sual verdiyinə görə saxlanıldığı iddia edilir.
Bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov məlumat verib. O bildirib ki, M. Əliyev ictimai mühazirənin keçirildiyi 13 avqust tarixindən bir gün sonra “yoxa çıxıb”:
“Ailəsi və yaxınları onun axtarışı ilə məşğul olurlar.
Məlum olur ki, Binəqədi polisi Maqsud bəyi saxlayıb, tam saxta ittihamlarala (çox yəqin ki, İXM-nin 535.1-ci maddəsi üzrə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildirildi ki, bu barədə məlumat veriləcək.