Qatil, satqın, yoxsa hərbi ekspert? Nazim Bayramov haqqında qısa xatirlatma

Nazim Bayramov

Asağıdakı məlumatı təhlükəsizlik üzrə araşdırmaçi-ekspert Ərəstun Oruclu öz Fb.com hesabında paylaşıb.

Bir neçə gün əvvəl vaxtilə cəmiyyətə "hərbi ekspert" kimi sırınanlardan birinin - Nazim Bayramovun həbs olunduğu haqda xəbər yayıldı. Bu haqda yazmağa xəbərin ardınca onunla bağlı olan çevrələrdə baş verənləri diqqətlə izlədikdən sonra qərar vermişdim. Hərçənd, onun haqqında artıqlaması ilə yazmışam və danışmışam.

Hələ 1993-cü ildən necə deyərlər dabbaqda gönünə bələd olduğum Nazim Bayramovun vaxtilə öz profilində də yazıb ona narahat suallar vermişəm. Məsələn, "Bu tapşırığı da QRU-dan (Rusiya hərbi kəşfiyyatı) almısınız?" və s. kimi suallarla birbaşa özünə müraciət etmişəm.

Nazim Bayramov həqiqətənmi tutulub? Elədirsə onun xəyanət şərikləri nədən israrla gah həbs olunmadığı, gah azad edildiyi, gah da ev dustaqlığına buraxıldığı haqda şaiyələr yayırlar? Rusiya kəşfiyyatı Azərbaycanda öz casus və informatorlarından necə ekspert, jurnalist, blogger kimi "ictimai fiqurlar" yaradır?

Nazim Bayramovun daha hansı cinayətləri hələ açılmayıb? Onun haqqında hansı qurumlara arayışlar təqdim edilib və həmin məxfi sənədləri kimlər gizlədib? QRU hansı informatorlarını Nazim Bayramovun vasitəsilə idarə edirdi? Hikmət Həsənov nədən ona 1-ci Ordu Korpusunda sərbəst davranmaq imkanları yaratmışdı?

Gördündüyü kimi sualların sonu yoxdur, amma onların bir hissəsinin cavabı da yoxdur. Çünki həmin cavabları yalnız təhlükəsizlik orqanlarının apardığı təhqiqat və istintaq üzə çıxara bilər.
Bu günün özəlliyini nəzərə alaraq Nazim Bayramov haqqında ətraflı yazımı yaxın günlərin birində paylaşacağam.

"Müxalifət" qəzetinin baş redaktoru, tanınmış araşdırmaçı-jurnalist Rövsən Kəbirli isə posta maraqlı şərh yazıb:

"Bəy yəqin məlumatın var, bu məxluqu mən hələ Gəncə qiyamıyla bağlı keçirilən məhkəmədə şahidlərin ifadələri ilə ifşa etmişdim. Sonra Ağdamın işğalı üzrə keçirilən məhkəmədə bu ittiham olunanlardan biri idi. Orda məlum oldu ki, 1993-cü Gəncə hadisələri zamanı o vaxt 709 saylı bədnam hərbi hissədə tank alayının komandir müavini olub. Həmin vaxt bu zat başının quldur dəstəsiylə Ağdama gələrək o vaxtkı icra başçısı Nadir İsmayılovun yerinə can atan bədnam Həsən Sarıyevin emissarları ilə yeməkxanada görüşüb. Dövrün pulu ilə 50 miyon rubul pul istəyib ki, verin, N. İsmayılovu devirim. Gələnlər 30 miyon verib, qalanın da əməliyyat başa çatandan sonra verəcəkləri şərti ilə ayrılıblar.
N. Bayramov adına mən bir də 2019-cu ildə Fb.com-də rast gəldim. Qiyam mövzusunda mübahisəmiz oldu. Məni təhdid etdi ki, istəyirsən yenə sizi tankın qabağına qataq. Sonra yoxa çıxdı və bir də 44 günlük savaşda hərbi geyimdə peyda oldu - ehtiyatda olan zabit, hərbi ekspert qiyafəsində. Adamın kimliyindən, keçmişindən bixəbər jurnalistlər də bunun rebilitasiyasına yardımçı oldular. Nə bilim, bəlkə də təbliğat təmənnalı olurdu.
Bildiyim tək bir şey var ki, bu adam qatildir, cəmiyyət və dövlət üçün çox təhlükəli personadır".