Gömrükdən daxilolmalar 30%-dən çox artıb

Gömrük xətti ilə büdcə daxilolmaları 30%-dən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 646 740.5 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur.

Komitənin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% artaraq 1 137 281.6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 37,4% artaraq 3 322 905.1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 10 ayında daxilolmalar 1,2% artaraq 133 948.7 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 52 604.7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 47,2% çoxdur.

Bu ilin oktyabr ayında Komitənin xətti ilə dövlət büdcəsinə 419 291.5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 14,2% çox, bu ilin sentyabr ayı ilə müqayisədə isə 8,9% azdır.

Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,3% artaraq 112 897.6 min manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 4,8% azalıb.

Bununla yanaşı, cari ilin oktyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 16,6% artaraq 288 160.7 min manat (bu ilin sentyabr ayı ilə müqayisədə 10,5% az), aksizlər üzrə 8,4% artaraq 12 744.3 min manat (sentyabr ilə müqayisədə 14,3% az), yol vergisi üzrə daxilolmalar isə 36,6% artaraq 5 488.8 min manat (sentyabr ilə müqayisədə 9,2% çox) təşkil edib.