Bu il pensiyalar 12% artıb
Qiymətlər isə 15% bahalaşıb!
2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb.
O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.
2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub.
Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.
Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, hesabat dövrü ərzində inflyasiya 14,7 % təşkil edib. Hələ bu rəqəmin ərsəyə gəlməsində də metodoloji qüsurlar mövcuddur. Belə ki, əhalinin xərclərinin 70%-ə qədərini təşkil edən ərzaq məhsulları bu dövür ərzində 21%, qeyri-ərzaq istehlak malları 14%, xidmətlər isə 10% bahalaşıb. Xərclərin 70%-ni təşkil edən məhsulun inflyasiya göstəricisi ilə 30%-nin göstəricilərini toplayıb mexaniki olaraq "orta inflyasiya səviyyəsi" müəyyənləşdirmək doğru yanaşma deyil. Ən azı bu rəqəm rəallıqları əks etdirmir. Əslində bu göstəricilər əhalinin xərclərinin faiz nisbəti nəzərə alınmaqla hesablanmalıdır. Bu məsələnin yalnız bir tərəfidir.
Faktiki metodologiya da göstərir ki, bu ilin 10 ayı ərzində pensiyaçıların real gəlirləri ən azı 2,7% (14,7%-12%=2,7%) azalıb. Amma hələ o da var ki, pensiyalar bu ilin 10 ayı ərzində 1% də olsun artmayıb, bütün bu artımlar yalnız yanvar ayında baş verib.
Gələn ilin pensiya artımlarına gəldikdə isə, hazırda pensiya artımında istinad edilən rəqəm - orta aylıq əmək haqqının artım tempi 14,4% təşkil edir. İlin sonuna qədər bu rəqəm maksimum 15%-ə çata bilər. Deməli, gələn il pensiyaçıların əsas hissəsini təşkil edən əmək pensiyaçılarının məvacibi 15% arta bilər.