Ağadadaş Ağayevlə bağlı yayılan məlumatların görünən və görünməyən tərəflərini kim necə izah edir? - VİDEO
Dünəndən ölkə gündəmində müzakirə olunan əsas mövzulardan biri də, xalq artisti Ağadadaş Ağayevlə “MedEra” Klinikasının mühafizə xidmətinin rəisi Valeh Soltanov arasında baş verən insidentdir. Yayılan məlumatlarda bildirilir ki, hadisə Binəqədi rayonu ərazisində, hansı ki, xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətinə yaxın ərazidə yerləşən klinikanın qarşısında baş verir. Həm qulağından əməliyyat olunan, həm də uzun müddət ərzində onkoloji xəstəlikdən əziyyət çəkən xalq artistinin 22 iyulda səhər saatlarında səhhəti olduqca pisləşir və buna görə də o, “MedEra” Klinikasının əməkdaşlarından yardım istəməyə məcbur olur.
Belə ki, o, ilk əvvəl mənzilinin eyvanına çıxır və klinikanın personalına vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacı olduğunu bildirir. Həmin vaxtlarda klinikanın mühafizə xidmətinin rəisi xalq artistinə kobud cavablar verir (söylənilənlərə görə Ağadadaş Ağayevə qarşı söyüş sözləri də işlədir) və belə bir səbəbdən də, tərəflər arasında insident yaşanır. Hətta, ümumi mübahisə zamanı mühafizəçi - Nurəddin Cəlilov xalq artıstini bərk vurur. Köməksiz vəziyyətdə olan və özünü müdafiə etməyə çalışan Ağadadaş Ağayev əlinə haradansa balta götürüb gözətçiyə tərəf atır. Xalq artistinin atdığı baltanın təsadüf nəticəsində klinikada çalışan xadimənin ayağına dəyməsi haqda məlumatlar yayılsa da, bir qədər vaxt keçdikdən sonra yayılan videoda fərqli mənzərə ortaya çıxır. Yayılan video-çəkilişlərdən aydın görünür ki, mühafizəçi - Nurəddin Cəlilov xalq artistini qəddarcasına döyür, onu yerə yıxır, hətta yerə yıxıldıqdan sonra da Ağadadaş Ağayevi təpikləməyə başlayır.
Qeyd edək ki, qulağından əməliyyat olunan və uzun müddət ərzində onkoloji xəstəlikdən əziyyət çəkən Agadadaş Ağayev, mühafizəçiyə baltanı məcbur olduğundan atır. Nəyə görə bu şəxsin xadiməni vurması ilə bağlı məlumatı yayanlar başa düşmürlər ki, həmin vaxtlarda onkoloji xəstəlikdən əziyyət çəkən Ağadadaş Ağayevi dözülməz həddə çatdırırlar ki, o, belə bir addımını atmağa məcbur olur. Qulağının sarıqlı vəziyyətdə olması da onu deməyə əsas verir ki, xalq artistinin səhhətində ciddi problemləri olduğundan o, mühafizəçidən tibb bacısı çağırmasını xahiş edir.
Mühafizəçinin isə 68 yaşında olan xalq artistinə qarşı saymazyana hərəkətlər etməsi, kobud cavablar verməsi və s. vəziyyəti daha da gərginləşdirir. Video- görüntülərdən də aydın olur ki, mühafizəçinin Ağadadaş Ağayevə ağır zərbələr endirməsi nəticəsində o, yerə yıxılır. Xalq artisti köməksiz vəziyyətdə olsa da, mühafizəçi ondan əl çəkmir və təkrar ona hücum edib xalq artistinin sifətinə təpiklə zərbələr endirir. Xadimənin ayağına baltanın dəyməsi faktına gəldikdə isə onu deyə bilərik ki, Ağadadaş Ağayev bunu qəsdən etmir. Az sonra bəlli olur ki, balta həmin qadının ayağına dəysə də, o heç bir xəsarət almayıb və heç bir problemi də yoxdur.
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, mühafizəçi Nurəddin Cəlilov xalq artistinə qarşı aqressiya nümayiş etdirdiyindən, o, əlindəki baltanı qarşı tərəfin olduğu istiqamətə atmağa məcbur olur. Bütün bunlar qalsın bir yana, əsas bir məqama da diqqət yetirək ki, xalqımıza məxsus bir çox dəyərlər var. Böyüyə hörmət etmək, xəstəyə, imkansıza dayaq olmaq və s. Yaxşı olmazdımı ki, xalq artisti Ağadadaş Ağayevin müraciətinə mühafizəçi - Nurəddin Cəlilov diqqət yetirib, ona lazımi köməkliyini göstərəydi. Yəqin ki, o halda bu cür insident də baş verməzdi. Digər tərəfdən, unutmayaq ki, Ağadadaş Ağayev sıradan bir şəxs deyil və o, 2006-cı ildən Azərbaycan Respublikasının xalq artisti adını daşıyan şəxsdir. Yəni, bu şəxs geniş ictimaiyyət tərəfindən tanınır və əxlaqi dəyərlərimizə uyğun olaraq ona hörmət də göstərilir. Bir sözlə, yaxşı hal o olardı ki, mühafizəçi - Nurəddin Cəlilov xalqımıza məxsus dəyərlərə uyğun addımlarını ataydı və xalq artistinə nisbətən bir qədər gənc olsa da, o da, öz müdrikliyini göstərəydi. Amma bu belə olmur, əksinə mühafizəçi əlinə kəsici alət alıb Ağayevin üzərinə şığıyır. Hər halda baş verən insident hüquq-mühafizə orqanları tərəfindən obyektiv şəkildə araşdırılacaq və yaşanan olayla bağlı ədalətli qərar da qəbul olunacaq.
Artıq DİN-nin Mətbuat Xidməti məlumat yayıb ki, baş verən isidentlə bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə Nurəddin Cəlilov barəsində cinayət işi açılıb və o, məsuliyyətə cəlb olunub. Çox təəssüflər olsun ki, yaşanan belə bir insidentlə bağlı həm “ARB”, həm də “İCTİMAİ TV” kanallarında həqiqətə uyğun olmayan məlumatlar yayımlandı.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.