Bakı-Sumqayıt yolunun bir hissəsinin çökməsinin səbəbi məlum olub.
"Çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir".
Bu məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Lim10.az-ın sorğusuna cavab olaraq verib.
O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir.
"Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib.
Bildiririk ki, 27 iyul 2024-cü il tarixdən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.
Əzizə İsmayılova
16:12
Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin yaxınlığından keçən hissəsində yol çöküb.
Bakupost.az-ın xəbərinə görə, çöküntü bir aya yaxındır baş verib.
Sürücülər deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:
"Yolda böyük dəlik yaranmışdı. Oranı daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yoldan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir".