Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı

Torpaqlarımızı, insanlarımızı, rəqslərimizi, yeməklərimizi, mahnılarımızı, əsərlərimizi oğurlamaqdan yorulmayan ermənilər bir mahnımızı daha oğurlayıblar. İndi də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Yarım gilə" mahnısını oğurlayıblar. Sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.

Mahnının tarixi və yaranması ilə bağlı Cavanşir Quliyev Pressklub.az-a açıqlamasında bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilliant Dadaşova ilə yazıb, efirə veriblər: "Brilliant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli müğənni Ezgi Mert bu mahnını oxuyub, albomuna saldı".

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni "Yarım gilə"ni oğurlayaraq, oxuyub: "Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var".

Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: "Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. "YouTube"da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəyəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü "Facebook"da görmüşəm. "YouTube"dadırsa, onu tapıb, "YouTube" vasitəsilə hüquqi işləri görmək olar. Amma "Facebook"da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəyəm".

Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcək? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıb?

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək.

Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "YouTube" platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub.