ABŞ Konqresində həm demokrat, həm də respublikaçı qanunvericilər prezident Donald Trampın Qrenlandiyanı ABŞ-ın nəzarətinə keçirmək barədə bəyanatlarına qarşı birgə siyasi təşəbbüs irəli sürüblər. Təqdim edilən qətnamə Tramp administrasiyasının Danimarkaya məxsus Arktik ərazi ilə bağlı son həmlələrinə etiraz edir və belə hallarda Konqresin səlahiyyətlərinin pozula bilməyəcəyini xatırladır.
Lim10.az xəbər verir ki, bu barədə "Politico" saytında məlumat yayılıb. Yazının müəllifi Co Qulddur.
Qətnaməyə senator Ruben Qallego (demokrat–Arizona), senator Liza Murkovski (respublikaçı–Alyaska) və Nümayəndələr Palatasının üzvləri Ro Xana (demokrat–Kaliforniya) və Don Beykon (respublikaçı–Nebraska) imza atıblar. Sənəddə ABŞ-nin Danimarkanın və Qrenlandiyanın suverenliyinə hörmət etməli olduğu vurğulanır və Qrenlandiyanın ABŞ tərəfindən hərbi güclə ələ keçirilməsi ehtimalının gündəmə gətirilməsinin NATO öhdəliklərinə zidd olduğu qeyd olunur.
Təşəbbüsün müəlliflərindən senator Qallego bildirib ki, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası ABŞ-nin təhlükəsizlik maraqlarına xələl gətirə bilər: “NATO müttəfiqi olan bir ölkəyə qarşı hərbi fəaliyyətin müzakirəsi belə ABŞ-ı daha təhlükəsiz etmir, əksinə Rusiyaya və Çinə qarşı qurulan müdafiə arxitekturasını sarsıdır.”
Qanunvericilər həmçinin Konqresdə “müharibə səlahiyyətləri” mexanizminin işə salınmasına da hazırlaşırlar. Təklif edilən ayrıca sənəd Qrenlandiya ilə bağlı istənilən hərbi addımın yalnız Konqresin rəsmi səlahiyyətləndirməsi ilə mümkün olmasını tələb edir.
Mövzu diplomatik müstəviyə də keçib. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşdən sonra Qrenlandiya məsələsi üzrə “fundamental fikir ayrılığı”nın qaldığını bildirib. Bununla belə, tərəflər mövqelərin yaxınlaşdırılması üçün işçi qrupunun yaradılmasına razılıq veriblər.
Danimarka və Qrenlandiya rəsmiləri Konqresdə də bir sıra görüşlər keçiriblər.
Görüşlərdə senator Murkovski qeyd edib ki, Konqresin müdaxiləsinin artıq qaçılmaz olduğunu deyib.
“Qrenlandiyanın hərbi kontekstdə müzakirə edilməsi hələ bir neçə il əvvəl təsəvvür olunmazdı, lakin indi bu artıq real gündəmdir”,-deyə o, bildirib.
Təqdim olunan qətnamə hüquqi baxımdan məcburi deyil, lakin siyasi siqnal xarakteri daşıyır və Trampın son dövrdə xarici siyasətdə daha sərt və birtərəfli kurs yürütməsindən narahatlıq duyan müttəfiqlər üçün önəmli mesajdır. Xüsusilə Venesuelada baş vermiş son hərbi əməliyyatlardan sonra ABŞ administrasiyasının beynəlxalq hüquqa və NATO öhdəliklərinə yanaşması daha ciddi suallar doğurub.
Qətnamədə açıq şəkildə bildirilir ki, Qrenlandiyanın statusunda hər hansı dəyişiklik və ya ABŞ hərbi qüvvələrinin həmin əraziyə yerləşdirilməsi Konqres tərəfindən təsdiq edilməlidir və ABŞ-ın NATO müqaviləsi üzrə öhdəlikləri ilə uzlaşmalıdır.
“Bu məsələdə Konqres susmamalıdır. ABŞ-ın NATO müttəfiqləri ilə münasibətlərini təhlükəyə atmaq ağılsız geopolitik eksperimentlərə yol açır”, -deyə Nümayəndələr Palatasının üzvü Ro Hana qeyd edib.(Musavat.com)



















