XIII əsrə aid Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı - Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşir.
Pirsaatçay xanəgah kompleksi Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanında, yəni XIII əsrdə yaranmağa başlayıb. Bu barədə abidənin üzərindəki kitabələrdə məlumat verilir.
Abidə 1939-1940-cı illərdə hərtərəfli ölçülüb və tədqiq edilib. 1956-1965-ci illərdə isə bu kompleksdə bir sıra bərpa işləri aparılıb.
Kompleksin əsas binası XIII əsrdə tikilmiş Şeyx Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir.
Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülüb, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılıb və dünyanın müxtəlif muzeylərinə yayılıb.
Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa ölkələrin muzeylərində, kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır.
PhotoStock.Az-ın əməkdaşı sözügedən xanəgah ərazisindən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az