Ukrayna Kursk vilayətində ilk hərbi komendantlıq yaratdı və ona rəhbər təyin etdi

Rusiyanın Kursk vilayətinin Sudja şəhərində Ukrayna hərbi komendantlıq yaradıb.

Lim10.az-ın News.liga.net nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Baş Qərargahın iclası zamanı məlumat verib.

Onun sözlərinə görə, Kursk vilayəti ərazisində Sudja və daha üç yaşayış məntəqəsində düşmənin axtarışı və məhv edilməsi prosesi başa çatıb.

"Nəzarətimizdə olan ərazilərdə asayişin qorunması və əhalinin prioritet ehtiyaclarının təmin edilməsi üçün hərbi komendantlıq yaradılıb və rəhbəri olaraq general-mayor Moskalyov təyin edilib", - deyə Sırski bildirib.

O əlavə edib ki, bəzi ərazilərdə Müdafiə Qüvvələri 500 m-dən 1,5 km-ə qədər irəliləyərək Rusiya ərazisinə daxil olublər.

"Ümumilikdə, Kursk vilayəti ərazisində əməliyyat başlayandan bəri qoşunlarımız döyüşərək 35 km irəliləyib, 1 150 kv.km ərazi və 82 yaşayış məntəqəsi nəzarətə götürülüb. Vəziyyət nəzarət altındadır", - deyə Aleksandr Sırski qeyd edib.