ABŞ-də korrupsiyada təqsirli bilinən ermənipərəst senatorun "sonu gəldi"

ABŞ-də korrupsiyada təqsirli bilinən ermənipərəst senator Bob Menendes müstəqil namizəd kimi seçkidən çəkilir və siyasi karyerasına son qoyur.

Bu barədə Lim10.az "The Hill"ə istinadən xəbər verir.

Nyu-Cersidən olan 70 yaşlı demokrat artıq bəyan edib ki, avqustun 20-də 2006-cı ildən bəri tutduğu senator postunu tərk edəcək.

Xatırladaq ki, ötən ay Nyu-York məhkəməsi senatoru qəsbkarlıqda, ədalət mühakiməsinə mane olmaqda, Misir və Qətərlə əlaqəsi olan iş adamlarından xidmət müqabilində rüşvət almaqda təqsirli bilib. Senatora oktyabrın 29-da hökm oxunacaq və o, ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

"Sizə məlumat verirəm ki, adımın bülletendən çıxarılmasını istəyirəm", - deyə o, Nyu-Cersi seçki şöbəsinin müdiri vəzifəsini icra edən Donna Barberə yazıb.

Xatırladaq ki, Menendesin Nyu-Cersidəki evində axtarış zamanı Federal Təhqiqatlar Bürosunun agentləri evdə gizlədilən təxminən yarım milyon dollar məbləğində nağd pul, həmçinin təxminən 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli "Mercedes-Benz" kabrioletini tapıblar.

Qeyd edək ki, senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Menendes 11 ay əvvəl ittiham olunanda bu vəzifədən istefa verib.

Həmçinin, onun həyat yoldaşı Nadin Arslanyana qarşı da eyni ittihamlar irəli sürülüb, lakin o, döş xərçəngindən müalicə aldığı üçün işinə ayrıca baxılacaq.