TƏCİLİ! Qərbin və Hindistanın ağır silahları artıq Ermənistandadır

Ermənistanın hərbiləşdirilməsi prosesi sürətlə davam edir.

İnanılmaz olsa da, bu bir həqiqətdir: Rusiya-Ukrayna münaqişəsi fonunda "ərazi bütövlüyü prinsipini" qətiyyətlə müdafiə edən Qərb, Azərbaycanın ərazilərinin 20%-ni uzun müddət işğalda saxlamış və hələ də Qarabağa dair ərazi iddialarını konstitusiyasından çıxarmaqdan imtina edən Ermənistana hücum və öldürücü silahlar göndərməkdədir.

Burada söhbət anti-Rusiya sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən biri olan, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan Ermənistandan gedir. ABŞ, Fransa və Avropa İttifaqı, Ermənistanı Rusiya-Ukrayna müharibəsindən gəlir əldə etmək imkanı ilə təmin etməklə yanaşı, getdikcə daha aqressiv və revanşist meylləri güclənən Ermənistanı silahlandırmağa tələsir.

Qərb blokuna yaxınlaşan Hindistan da intensiv silah tədarükünü həyata keçirir. "Qardaş" cənub qonşumuz İran isə Ermənistan ordusunun müasir silahlarla təmin edilməsində fəal iştirak edir.

Bütün bu məqamlara ardıcıl olaraq toxunaq.

Fransanın artilleriya və raketləri İran vasitəsilə Ermənistana çatdırılıb:

Caliber.Az-ın redaksiyasına daxil olan təsdiqlənmiş diplomatik və hərbi mənbələrə əsasən, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb.

SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır.

Caliber.Az redaktorlarının əldə etdiyi faktlar göstərir ki, hazırda Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi çatdırılıb.

Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX" tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.

"ERYX" tank əleyhinə idarəolunan raket

"Panzerfaust 3" tank əleyhinə sistem

"Apilas" birdəfəlik əl raket qumbarası

Tank əleyhinə BGM71-TOW raket sistemi

Yuxarıda göstərilənlər arasında diqqətimizi xüsusilə Fransanın R511 və R530 hava-hava tipli raketləri cəlb etdi.

R530 hava-hava tipli raket

Hərbi ekspertlərin fikrincə, müvafiq modifikasiyalardan sonra bu silahlar Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq. Nikol Paşinyanın etiraf etdiyi kimi, Rusiyanın "raketsiz" təchiz etdiyi qırıcılar bu modifikasiyalara ehtiyac duyur. Hindistanda belə modifikasiyalar üçün presedentlər mövcuddur və böyük ehtimalla, uyğunlaşma prosesi artıq müvafiq təcrübəyə malik hindistanlı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir.

Su-30

Nəhayət, hərbi təchizat sırasında Almaniya və ABŞ silahlarının olmasına da diqqət yetirmək lazımdır. Bu silahların Ermənistana çatdırılması onu göstərir ki, Almaniya və ABŞ fransızlara müvafiq icazələr verib. Belə ki, təsdiq proseduru olmadan Almaniyanın Panzerfaust və Bunkerfaust raketləri, eləcə də Amerikanın TOW raketləri Ermənistan ordusunun sərəncamında ola bilməzdi. ABŞ-nin Ermənistanın hərbiləşdirilməsində bilavasitə iştirak etməsi barədə artıq ətraflı məlumat vermişdik. Almaniyanın bu prosesdə iştirakı isə yeni məlum olub.

Hindistanın silahları da Ermənistandadır: Yenə də İranın sayəsində

Azərbaycan tərəfi onu da bilir ki, Fransa silahlarının hava yolu ilə ötürülməsi ilə paralel olaraq, İranın "Bəndər-Abbas" dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Diqqət çəkən başqa bir məqam isə Ermənistana verilən həm Fransa, həm də Hindistan silahlarının qismən rəsmi bəyan edilməsi, qismən isə mülki mallar adı altında daşınmasıdır.

Bu, beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. Sadə dillə desək, bu, qaçaqmalçılıqdır. Rəsmi və gizli təchizatın bu cür "qarışıq" sxeminin məqsədi, Ermənistanın hərbiləşdirilməsinin real miqyası barədə Azərbaycan tərəfini çaşdırmaqdır. Açığı, onlar bizə "sürpriz" etmək niyyətindədirlər.

Qərb İrəvanı xirtdəyə qədər silahlandırmağa tələsərkən, iranlılar texnologiyanı oğurlayır

İrəvan fəal şəkildə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır və bu, inanılmaz tələskənliklə həyata keçirilir. Bu vəziyyət, öz növbəsində, SEPAH tərəfindən hərbi-sənaye casusluğu məqsədilə istifadə olunur. Öyrəndiyimizə görə, İranda "gömrük yoxlamaları" bəhanəsi ilə Fransa və Hindistan silahları süni şəkildə saxlanılır. Səbəb, əlbəttə ki, Azərbaycana kömək etmək deyil, İran hərbi mütəxəssislərinin açılmış fürsət pəncərəsindən yararlanaraq Fransanın hərbi inkişaflarını, xüsusən də "Nexter" - SEZAR özüyeriyən haubitsalarını hərtərəfli öyrənmələridir.

Doğrudan da, başqa bir zamanda İranın müdafiə sənayesi belə bir fürsəti xəyal belə edə bilməzdi! Fransanın əsəbləri yalnız bir dəfə dözdü: İran tərəfi SEZAR özüyeriyən haubitsasını hissə-hissə tam sökməyə başladı, bundan sonra Fransa səfirliyinin məxfi xidmətləri həyəcan təbili çalmağa və bu təcrübəyə son qoyulmasını tələb etməyə başladılar. Lakin İran tərəfi fikrindən dönmür: Onun fikrincə, bu, Ermənistanı dəstəkləməkdən ötrü Fransa üçün əlavə "qiymətdir". Paris bunu udmaq məcburiyyətində qaldı - "bacı" Ermənistan naminə hər cür fədakarlığa hazırdır. Beləliklə, biz əminliklə gözləyə bilərik ki, Qərbin hərbi inkişafları tezliklə İran Silahlı Qüvvələri və Yaxın Şərqdə İranın çoxsaylı etibarlı qüvvələri tərəfindən fəal şəkildə istifadə olunacaq.

Bakıda nə deyirlər?

Hərbi-diplomatik dairələrdəki həmsöhbətlərimizin qeyd etdiyi kimi, Ermənistan ordusuna Qərb silahlarının verilməsi hekayəsi rəsmi Bakının iranlı tərəfdaşlarının davranışından böyük məyusluq yaradıb.

Həmişə şifahi olaraq "regionçuluq" siyasətini müdafiə edən və xarici aktorların regiona daxil olmasına mane olan İran bu gün Ermənistana Qərb silahlarının, eləcə də Qərbin lisenziyası ilə istehsal olunan Hindistan silahlarının tədarükü üçün tranzit ölkə kimi çıxış edir. Yəni, Tehranın özü öz fəaliyyəti ilə NATO-nun Cənubi Qafqazda mövqelərini gücləndirməyə və Ermənistanı regionda Qərb qalasına çevirməyə kömək edir.

Biz artıq İran İslam Respublikasının xarici siyasətinin əsas dəyər prinsipi olan "müsəlman həmrəyliyi" və "şiə qardaşlığı" siyasətindən danışmırıq. Necə deyərlər, keçdik, gördük - həm torpaqlarımızın 30 illik işğal tarixində, həm də 44 günlük müharibə zamanı. İran ordusunun Zəngilan istiqamətində irəliləyən qabaqcıl xüsusi təyinatlılarımızın yolunu kəsməsi Azərbaycanda da yaddan çıxmayıb.

İndi bir daha şahidi oluruq ki, 30 il ərzində manyak əzmkarlığı ilə İslam mədəniyyətinin izlərini silən, Qarabağ və Şərqi Zəngəzur məscidlərinin xarabalıqlarında donuz saxlayan revanşist Ermənistana "şiə qardaşlarımız" dəstək verdilər.

Bakı səmimi qəlbdən inanırdı ki, Azərbaycan-İran münasibətlərinin müsbət dinamikasını nəzərə alsaq, azərbaycanəsilli olduğunu fəxr edən yeni seçilmiş Prezident Məsud Pezeşkian regionda əmin-amanlığın bərqərar olmasına və o cümlədən, Qərb silahlarının İran vasitəsilə tranzitinin sona çatmasına töhfə verəcək. Lakin bu baş vermədi. Əksinə, Ermənistana silah tranzitinin həcmi sürətlə artır.

Ermənistan və İran arasında gizli razılaşma, təəssüf ki, saxta deyil

Təəssüf ki, İranın Azərbaycana qarşı qeyri-dost addımlarının sayı bununla başa çatmır. Azərbaycan tərəfinin mənbələri hərtərəfli yoxlamadan sonra sensasion məlumatı təsdiqlədilər ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıblar. Bu barədə ilk xəbər verən "İran İnternational" nəşri yanılmadı. İranlı tərəfdaşların şəxsi söhbətlərdə və rəsmi kommunikasiyalarda bu xəbərin "saxta" olduğuna dair təminatlarına baxmayaraq, faktların və mənbələrin yoxlanılması məyus edici nəticələr çıxarmağa imkan verir: İran Ermənistanla silah müqaviləsinə yaşıl işıq yandırmaqla, bir daha azərbaycanlıların qanı üzərindən pul qazanmaq qərarına gəlib. Görünür, bəzi ölkələr də, insanlar kimi, dəyişmirlər.

Epiloq əvəzinə

Sonda qeyd edək ki, bu məqalədə göstərilən bütün məlumatların öz faktiki təsdiqi var. "Zvartnots" hava limanına enən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri ilə bağlı vəziyyətdə olduğu kimi, İran və onun hüdudlarından kənarda yerləşən müvafiq liman və hava limanlarından olan bütün sübutlar münasib zamanda dərc olunacaq.

Qərb tipli silahların Ermənistana tədarükü ilə guya "regional hərbi balansı bərpa edən" ölkələr nəinki Qafqazda sülhün bərqərar olmasını uzaqlaşdırır, həmçinin uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan qarşıdurmasının yeni mərhələsini qaçılmaz edir. Ermənistan və Azərbaycan yenidən qanlı gölməçəyə itələnir. Hələ də revanşizmdən yaxa qurtara bilməyən Ermənistanın silahlanması və silah tranziti prosesində iştirak edən bütün ölkələr regionun gələcək faciələrinə və erməni dövlətçiliyinin məcburi ləğv edilməsinə görə öz siyasi və tarixi məsuliyyətlərini daşıyacaqlar. Görünür, Azərbaycan ordusu yenidən cərrah və terapevt rolunda çıxış etməyə məcbur olacaq. Qələbə bizim olacaq!