Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.
Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, Orxan Babayev VK Aparatının rəhbəri - Baş katib vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatdan əvvəl Kollegiya Aparatının İnsan Resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 1989-cu ildə Ordubad şəhərində anadan olub və 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında bir şirkətdə hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər arasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.
2018-ci ildən etibarən VK Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi və şöbə müdiri vəzifələrini icra edib. İngilis, rus və türk dillərini bilir. Ailəlidir və bir övladı var.