İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Müharibə qaçılmaz olacaq"

Dünəndən etibarən müharibənin bir addımlığında olan "Hizbullah"-İsrail qarşıdurması söz savaşından praktiki qarşıdurmaya qədəm qoyub. HƏMAS-ın sabiq lideri İsmayıl Haniyənin İranda, "Hizbullah"ın hərbi qanadının komandiri Fuad Şükrünün isə Livanda İsrail tərəfindən öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginlik potensial münaqişəni, gözlənildiyi kimi, artıq praktiki mərhələyə keçirib.

Belə ki, "Hizbullah" "Ərbəin günü" adlandırdığı əməliyyatla Təl-Əvivdə "Mossad"ın, Şin Betin və hərbi kəşfiyyatın qərargahlarına yüzlərlə raket və dronlardan istifadə etməklə hücum edib. Hətta "Hizbullah" lideri Həsən Nəsrullah xalqa müraciətində hücumların davam edəcəyini də bildirib. Paralel olaraq İsraildə fövqəladə vəziyyət elan edilib və hücumlara qarşı sərt cavab veriləcəyi bildirib. Qeyd edək ki, "Hizbullah" 1982-ci ildə məhz Livanın cənub hissəsinə hücum edən İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaranıb. İlk birbaşa silahlı qarşıdurma isə 2000-ci ildə baş verib. "Hizbullah"ın partizan əməliyyatlarını davam etdirməsi nəticəsində İsrail ordusu Livandan tamamilə geri çəkilib. Qarşıdurmanın ikinci aktiv fazası isə 2006-cı ildə olub. 32 gün davam edən İkinci Livan müharibəsi nəticəsində İsrail Livana tətbiq etdiyi mühasirəni aradan qaldırıb və geri çəkilib. Bir sözlə, Livan yenə də istədiyinə nail olub.

Mövzunu Lim10.az-a dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay bildirib ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə təşkil etdiyi hücumdan sonra regionda genişmiqyaslı müharibə ehtimalı hər keçən gün artmaqda idi:

"Lakin İsrailin bu il aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına həyata keçirdiyi hava hücumuna aprelin 13-də İranın İsrailə endirdiyi raket və dron zərbələri ilə cavab verməsi həm də müharibənin istiqamətini müəyyənləşdirdi. Bundan sonra ABŞ, Böyük Britaniya, Fransa və başqa bir sıra dövlətlər İsrailin müdafiəsini, demək olar ki, öz üzərlərinə götürdülər".

"Düzdür, "Hizbullah"-İsrail qarşıdurmasında, adətən, tarixə nəzər salınır və "Hizbullah"ın İsrailə qalib gəlməsi nümunə kimi göstərilir. Ancaq bu dəfə şərtlər dəyişib. Hazırda İsrail "Hizbullah"a qarşı Livanın cənubuna mütəmadi zərbələr endirir. Buna baxmayaraq, qarşıdurma hava hücumları ilə davam edir, qurudan münaqişəyə start verilməyib. İsrail öz təhlükəsizliyi naminə "Hizbullah"a qarşı son həmləsini reallaşdırmaq məcburiyyətindədir. Amma bununla həm də İsrail dövlətinin təhlükəsizliyi sual altına düşə bilər. Ona görə də rəsmi Təl-Əviv ABŞ-də prezident seçkisinə qədər, İranın da mövcud vəziyyətini nəzərə alaraq, Birləşmiş Ştatların dəstəyilə "Hizbullah"ı tamamilə məhv etməyə çalışacaq", - deyə analitik vurğulayıb.

Müsahibimizin sözlərinə görə, bu proses, əslində, Türkiyə üçün son dərəcə əhəmiyyətli bir inkişaf mərhələsinin yolunu açacaq:

"Türkiyə İsrailin HƏMAS və "Hizbullah"a qarşı apardığı mübarizənin eynisini PKK-ya qarşı aktivləşdirəcək, cənubunda terrorçu dövlət qurulmasının qarşısını alacaq. Beləliklə də biz Yaxın Şərqdə bütün qeyri-qanuni təşkilatların tamamilə məhv edilməsi prosesini izləyəcəyik. Bu baxımdan, mövcud şərtlər altında həm İsrailin, həm də İranın dövlət təhlükəsizliyinin zamininin, əslində, Türkiyə olduğunu desək, yanılmarıq".

İsrailli politoloq Hay Eytan Koen isə hesab edir ki, HƏMAS-ın İsrailə etdiyi 7 oktyabr hücumlarından dərhal sonra, yəni 8 oktyabr tarixindən bu günə qədər "Hizbullah" HƏMAS-a dəstək olmaq üçün İsrailin şimalına pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edir:

"İsrail də öz suveren ərazilərini qorumaq üçün bu hücumlara cavab olaraq əks-hücumlar həyata keçirir. İsrail dövləti vətəndaşlarını qorumaq üçün sərhəd xəttində yerləşən kənd və qəsəbələri boşaltmaq qərarına gəlib. Bu gün bu kənd və qəsəbələrin sakinləri hələ də evlərinə qayıtmayıblar. İsrail dövləti bu sakinlərin evlərinə qayıtmalarını təmin etmək üçün təhlükəsizlik məsələsində şimal sərhədində əhəmiyyətli dəyişikliklərin baş verməsi lazım olduğunu düşünür".

"Başqa sözlə, "Hizbullah" döyüşçülərinin Litani çayının şimalına çəkilməsi İsrail üçün vacibdir. İsrail Müdafiə Nazirliyinin rəsmilərinin də qeyd etdikləri kimi, artıq İsrail üçün müharibənin əsas mərkəz nöqtəsi Qəzzadan Livana doğru dəyişməyə başlayır. Başqa sözlə, əgər yaxın gələcəkdə tərəflər razılığa gələ bilməsələr, genişmiqyaslı müharibə qaçılmaz olacaq. Belə bir müharibə İsraili, əlbəttə ki, ciddi şəkildə zədələyəcək, lakin Livan üçün geri dönüşü olmayan dağıdıcı nəticələr doğuracağı da şübhəsizdir. Livan xalqı bu vəziyyəti görüb "Hizbullah"ın Livanı fəlakətə sürükləməməsi üçün əlini daşın altına qoymalıdır", - deyə analitik vurğulayıb.

Mərahim Nəsib