Qloballaşma milli iqtisadiyyata necə təsir göstərir?-RƏY
"Qloballaşma müasir çağırışları qısa zamanda iqtisadiyyatda əks olunması cəhətdən çox ciddi və əhəmiyyətli tendensiyadır. Avropada iqtisadi inkişaflar, iqtisadi metodlar qloballaşırsa, genişlənirsə, yəni, öz ölkəsinin sərhədlərini keçirsə, inkişaf Orta Asiya ölkələrində kəşf edilmədən paylaşılır, tətbiq edilir və dünya iqtisadiyyatına öz töhfəsini verir".
Bu sözləri "informator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli söyləyib. Ekspert qloballaşmanın mənfi təsirindən də bəhs edib:
"Qloballaşma milli iqtisadiyyatlara mənfi təsir göstərir. Məsələn, Azərbaycan kimi ölkədə qloballaşma tendensiyası daha çox zərər verə bilər. Ona görə ki, Azərbaycan iqtisadiyyatında rəqabət mühiti çox zəifdir. Qlobal iqtisadi güclərin ölkə iqtisadiyyatına daxil olması müəyyən irəlləyişlər həyata keçirsə də, milli iqtisadiyyatın çöküşünə gətirib çıxara bilər. Çünki onların rəqabət qabiliyyəti daha yüksəkdir. Ancaq ölkə daxilində rəqabət qabiliyyəti çox aşağıdır".
Akif Nəsirlinin sözlərinə görə, qloballaşmadan qaçmaq isə qeyri-mümkündür:
"Azərbaycan iqtisadiyyatı qloballaşmaya qarşı mübarizə aparmaqdansa, qloballaşmanın bizim sərhədlərə gəlməməsinə çalışmaqdansa, ölkə iqtisadiyyatında ciddi rəqabət mühiti yaradıb, rəqabətədavamlı şirkət fəaliyyətlərini təmin etməlidir. Nəticədə qloballaşmadan müdafiə olunmağa ehtiyacımız olmasın".
Fatimə Abdulrəhimli