Ermənistanda vacib hadisə təxirə salındı: Üç il sülh müqaviləsi imzlanmayacaq?

Ermənistanda konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumun vaxtı uzadılıb. Belə ki, dəyişikliyin indi də 2027-ci ildə baş tutması planlaşdırılır. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay ölkə konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Prezidenti İlham Əliyevdən 2026-cı ilə qədər vaxt istəmiş və bu tarixdə keçirilən parlament seçkisindən sonra islahatlara başlamaq niyyətində olduğunu demişdi. Görünür, rəsmi İrəvan hələ də Azərbaycanın təkliflərindən yayınmaqla sülh prosesini pozur və regionda artırdığı qeyri-sabitlik mühitini davam etdirməyi planlaşdırır.

Əbəs deyil ki, Prezident İlham Əliyev də bu məsələyə yenidən toxunaraq Ermənistanın sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı olmadığı üçün vaxtı qəsdən uzatdığını diqqətə çatdırıb. Ölkə başçısı ötən gün Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edərkən bu məsələyə də toxunub və Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmalı və konstitusiyanın dəyişdirilməli olduğunu bildirib.

Maraqlıdır ki, sülh sazişi böhran vəziyyətində olan Ermənistana Azərbaycandan daha çox lazım olduğu halda, İrəvan bunun əksinə olaraq, prosesi məqsədyönlü şəkildə yubadır və regionda havadarlarının dəstəyi və təhriki ilə yeni eskalasiyaya zəmin yaradır.

Mövzunu Lim10.az-a dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Ermənistanda referendumun 2027-ci ildə keçirilməsi planı o deməkdir ki, həmin ilə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq:

"Çünki Azərbaycanın mövqeyi qətidir və beynəlxalq hüquqa əsaslanır. Ona görə də Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarını ehtiva edən bəndlər çıxarılmalıdır. Lakin üç il ərzində həmin bəndlərin konstitusiyadan çıxarılmaması bu müddət ərzində sülh sazişinin imzalanmaması deməkdir. Bu isə o deməkdir ki, bölgədə gərginlik davam edəcək, hətta lokal toqquşmalar da ola bilər".

"Ermənistan münasibətlərin normallaşması üçün addım atmaq istəmir. Paşinyan, bir tərəfdən, qeyd edir ki, konstitusiya dəyişdirilməlidir, buna zərurət var. Amma digər tərəfdən, prosesi ləngitməyə çalışır. Aydındır ki, konstitusiyanın dəyişməsi və yenisinin qəbulu üçün müəyyən vaxta ehtiyac ola bilər. Bunun üçün komissiya yaradılmalıdır, referenduma hazırlıq olmalıdır və s. Amma bunun üçün üç ilə ehtiyac yoxdur, bir neçə ay ərzində də bu prosesi həll etmək mümkündür. Üstəlik, Paşinyanın buna gücü də çatar. Çünki müxalifət zəifdir və onu devirə bilmir. Yəni Paşinyan konstitusiyanı dəyişsə belə, onu heç kim devirməyəcək.

Yaxud da Paşinyan özü erməni cəmiyyətini konstitusiyanın dəyişdirilməsinə zərurət olduğuna inandırıb və onları buna hazırlayıb. Bəs onda bu prosesi niyə ləngidir? Demək, burada xarici mərkəzlərin əli var, onlar bölgədə sülh istəmirlər. Paşinyanı da vadar edirlər ki, Azərbaycanla sülh məsələsini ləngitsin və ona qədər də Ermənistan ordusuna yeni hərbi texnikalar alınsın", - analitik vurğulayıb.

Şahinoğlunun sözlərinə görə, Azərbaycan bu prosesdə izləyici statusunda olmayacaq:

"Çünki Ermənistanın uzaqmənzilli raketlər alması bizim üçün təhlükə yaradır. Bu baxımdan, Paşinyan qərar verməlidir: ya müxtəlif güc mərkəzlərinin əlində alət olub ölkəsini uçuruma yuvarladacaq, çünki növbəti toqquşma yenə də Ermənistana baha başa gələcək, ya da reallıqdan çıxış edərək konstitusiya dəyişikliklərini üç il sonra yox, daha tez həll edərək sülh sazişinə yeganə əngəli ortadan qaldıracaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma siyasətinə üstünlük verəcək. Bununla da bölgədə əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsətlər yaranacaq. Seçim Paşinyanındır".

Siyasi şərhçi Turab Rzayev isə hesab edir ki, Paşinyan Ermənistan konstitusiyasını dəyişdirməkdə maraqlıdır, lakin burada iki məqam var:

"Ya Paşinyan bu prosesi ona görə uzadır ki, Ermənistan cəmiyyətində ona qarşı müqavimət güclüdür, müxalifət bu dəyişikliyə etiraz edir və o da vaxtı uzatmaqla cəmiyyəti bu dəyişikliyə hazırlayır, ya da ki, sadəcə olaraq, məqsədyönlü şəkildə bu prosesi yubadır və heç bir halda dəyişiklik etmək niyyəti yoxdur. Bu da onu deməyə əsas verir ki, Paşinyan istənilən halda bu məsələdə səmimi deyil".

"Baxmayaraq ki, Ermənistan sülh prosesinin həyata keçirilməsinə əngəllər yaradır, bizim də mövqeyimizdən geri çəkilmək fikrimiz yoxdur. Azərbaycan hər bir halda çalışacaq ki, Ermənistan tərəfini konstitusiya dəyişikliyinə məcbur etsin. Çünki bu, uzunmüddətli və dayanıqlı sülh üçün vacib amildir. Lakin Ermənistanın nə qədər səmimi olduğu, yəni bununla Azərbaycana təzyiq etmək, yoxsa müxalifətin və vətəndaş cəmiyyətinin təzyiqini neytrallaşdırmağa çalışdığı Paşinyanın növbəti dövrdə atacağı addımlardan sonra məlum olacaq", - ekspert fikrini yekunlaşdırıb.

Mərahim Nəsib