Paşinyan özünü ifşa etdi - Ermənistan uçuruma yuvarlanır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan əleyhinə növbəti sərsəm bəyanatla çıxış edib. O, Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə həqiqətə uyğun olmayan böhtan xarakterli iddia səsləndirib.

Çünki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb, bu da silah deyil. Məsələ burasındadır ki, Ermənistan özü Fransadan, ABŞ-dən, Hindistandan və digər ölkələrdən öldürücü hücum silahları alır, amma bu istiqamətdə digər ölkəni ittiham edir. Halbuki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq regionda yalnız sülh və sabitliyin tərəfdarı olduğunu dəfələrlə sübut edib, Ermənistan isə Azərbaycanın uzatdığı sülh əlini havadarlarının da təkidi ilə geri çevirib, hələ də təxribatlarını əməli və praktiki olaraq davam etdirir. Bu ölkənin silahlandıqca son günlər şərti sərhəddə mütəmadi olaraq atəşkəsi pozması, atəş nöqtələri yaratması, sözü ilə əməlinin üst-üstə düşməməsi bunun əyani sübutudur. Yəni, öz gözündəki tiri görməyib başqasının gözündə çöp axtaran Ermənistan bununla məsuliyyəti boynundan atır, blef edir.

Paşinyanın saxta iddiasına görə, Azərbaycan ümum daxili məhsulun 17 faizini hərbi məqsədlər üçün istifadə edir ki, bu da yalandır. Azərbaycanda bu rəqəm Ermənistandakı yüksək rəqəmdən fərqli olaraq dörd faiz civarındadır. Bunun əsas dəlili isə Ermənistanın iqtisadi böhranı aradan qaldırmaq əvəzinə, əsas gücü silahlanmaya məsrəf etməsidir.

Paşinyanın Azərbaycan Konstitusiyası ilə bağlı iddiaları da həqiqəti əks etdirmir və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Çünki Azərbaycan Ermənistanı bu mövzuda haqlı ittiham edir, Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları aradan qaldırılmasa, sülh sazişinin qeyri-mümkün olduğunu deyir. Çünki Ermənistan Konstitusiyası ölkənin İstiqlaliyyət bəyannaməsinə əsaslanır. İstiqlaliyyət bəyannaməsinin birinci bəndində isə keçmiş Dağlıq Qarabağ Muxtat Vilayətinin Ermənistana birləşdirilməsi nəzərdə tutulur. Üstəlik, bu ölkənin gerbində Türkiyə ərazisindəki Ağrı dağı əks olunub ki, bu da Türkiyəyə qarşı ərazi iddiasıdır. Yəni, Ermənistan həm Azərbaycan, həm də Türkiyəyə qarşı ərazi iddiası irəli sürməkdə davam etdiyi halda, Azərbaycanı bu mövzuda günahlandırırsa, bu, gözə kül üfürməkdir. Üstəlik, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, Konstitusiya quruluşunu ərazisində bərpa edib. Əgər, Paşinyan bunu nəzərdə tutursa, deməli əslində bununla da yenə də ərazi iddiası edir və mənfur xislətini göstərir.

Zəngəzur məsələsinə gəldikdə, Ermənistan 30 il Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da bu blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Paşinyan dəfələrlə dəhliz açılarsa ona kənar qüvvələrin nəzarət etməsini təklif edib ki, bu da regionda yeni eskalasiya yaratmağa xidmət edir. Ermənistan destruktiv addımlarına davam etdikcə, onun nəinki iddia etməyə, heç ağzını açıb danışmağa haqqı yoxdur. Çünki Ermənistan özü ilk növbədə xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına imkan yaratmalıdır. Sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Bunun da səbəbi birmənalıdır: Azərbaycan öz vətəndaşlarını Ermənistanın və onun havadarlarının ümidinə buraxa bilməz. Çünki Ermənistanın azərbaycanlıları dədə-baba yurdlarından necə didərgin salması, onlara soyqırımı etməsi və indi sığındığı ölkələrin də buna susması heç kimə sirr deyil.

Bir sözlə, Paşinyanın sözügedən açıqlamaları manipulyasiya və həqiqətləri təhrif etməyə xidmət edir ki, bu da bu ölkənin ancaq özü üçün zərərlidir.

Mərahim Nəsib