Azərbaycan və Rusiya birlikdə köhnə filmlərin remeyklərini yarada bilərlər

"Azərbaycan perspektivdə Rusiya ilə birlikdə respublikanın rusdilli əhalisi arasında populyar olan köhnə filmlərin remeyklərini yarada bilər".

Lim10.az-ın xəbərinə görə, bu sözləri TASS-a müsahibəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf Departamentinin rəhbəri Rəşad Əzizov deyib.

Əzizov qeyd edib ki, bir çox Rusiya şirkətləri Azərbaycana film və serial çəkmək üçün gəlirlər.

"Perspektivdə bütün rusdilli əhali arasında çox populyar olan köhnə filmlərin remeyklərinin yaradılması ola bilər. Bütün ölkələrimizin tamaşaçılarını birləşdirəcək yeni məhsullar olacaq", - deyə şöbə müdiri Moskva Beynəlxalq Film Həftəsi çərçivəsində bildirib.

Əzizov vurğulayıb ki, Rusiyadan olan animasiya kontenti azərbaycanlı tamaşaçılar arasında xüsusilə populyardır. Onun sözlərinə görə, burada əməkdaşlığın bir neçə səviyyəsi ola bilər - həm yaradılması, həm də yayılması. Bunun üçün də xüsusi platformalar və layihələr tələb olunur.

"Bundan əlavə, Azərbaycan kontenti də yeni satış bazarları axtarır. Rusiyada azərbaycanlıların böyük diasporu var, ona görə də mövzu və problemlər çox oxşardır, bu isə artıq mütləq şəkildə bir-birimizin yanında olmağımız üçün şərait yaradır", - deyə Rəşad Əzizov əlavə edib.

Qeyd edək ki, avqustun 23-dən 28-dək Rusiya paytaxtında Moskva Beynəlxalq Film Həftəsi keçirilib. Qonaqlar film nümayişi, ustad dərsləri, ekskursiyalar və kastinqlərə qatılıblar. Tədbir şəhərin kinoteatrlarında, parklarında, meydanlarında və muzeylərində təşkil olunub, ümumilikdə 100-dən çox obyekt cəlb olunub. Əsas proqrama 70-dən çox xarici film, həmçinin 40-dan çox Rusiya layihəsi daxil olub.