Heykələ ayaqqabı atan nəsil yetişdirmişik...
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb. APA-nın xəbərinə görə, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb. Millət vəkili Fazil Mustafa bununla bağlı olduqca maraqlı esse yazıb. Essenin adı belədir: “Üzeyir bəyin ovcundakı ayaqqabı.” Fazil Mustafa “Üzeyir bəyə ayaqqabı atan nəsil yetişdi” fikrini işlətməkdə haqlıdır. Bəs Üzeyir bəy nəslinin ayaqqabıya münasibəti necə idi? Bunu böyük yazıçımız Mirzə ibrahimov gözəl yazıb: "Üzeyir Hacıbəyov danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir. Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox... Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.
-Neçəyə aparırsan?-deyib soruşur.
faytonçu "filan qədər verərsən" dedikdə, Üzeyir bəy təzəcə geydiyi ayaqqabısını göstərir:
-Xoşuna gəlir?
Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:
-Gəlin oturun!
Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir ayaqqabıları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı "Nicat" adlı Xeyriyyə cəmiyyətindən gözlədiyiq qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu."
Bütün dahilərin həyatı gənclərə öyrədilməlidir. Bunu öyrətməyə borclu olanlar özlərindən danışırlar. Gənclər bilik yollarında ayaqyalındırlar. Məktəb və Universitetlərin bilik və tərbiyə verməyə gücü çatmır. Nəsillər arasındakı uçurumu gördünüzmü? Görsənməyən uçurumu!
Heykəlin qarşısına gül qoyan nəsil yetişməlidir.
P.S. Universitetlərin qarşısında durub bir anlıq gənclərin davranışlarına diqqət edin. Yaxınlaşıb söhbətlərini də dinləyin... Dəftərsiz, kitabsız, çantasız, telefonlu gənclik.
Etibar Əliyev