"Ermənistanda yerli xalqa, yəni qərbi azərbaycanlılara məxsus olan mədəni abidələrimiz daim ermənilər tərəfindən dağıdılıb və məhv edilib".
Bunu Lim10.az-a açıqlamasında hərbi-siyasi ekspert, 1988-ci ildə Ermənistandan deportasiya edilən Telman Qasımov bildirib.
Onun sözlərinə görə, ermənilərin burada əsas məqsədi həmin məmləkətin qərbi azərbaycanlılara aid olmadığını göstərmək olub: "Yəni, gələcəkdə bu torpaqların azərbaycanlılara aid olmadığını sübut edə bilsinlər. Buna görə də davamlı olaraq həmin mədəni abidələr məhvə məhkum olub. Məsələn, Qərbi Azərbaycanda istər məscidlərimiz, körpülərimiz, karvansaralarımız, istərsə də digər tarixi abidələrimizlə bağlı əsas məlumatları daha çox erməni və xarici mənbələrdən əldə etmişik. Azərbaycan mənbələrində o abidələrlə bağlı məlumatlar çox azdır. Bu, həm də onu göstərir ki, ermənilər özləri də bu abidələrin azərbaycanlılara məxsus olduğunu bildikləri üçün məhv ediblər. Təkcə İrəvanda Zəngiçayın üzərində tikilən Qırmızı körpü, Təpəbaşı məhəlləsindəki məscid, karvansaralar, hamamlar və digər mədəni abidələr demək olar ki, artıq yox səviyyəsindədir. Ermənistan hökuməti bu günə qədər həmin abidələrin qorunub saxlanılması üçün heç bir addım atmayıb. Çünki bu abidələr onlara məxsus olmadığı üçün, necə olub-olmaması maraqlarında olmayıb. Təsəvvür edin, bu abidələr erməni mədəniyyətinə aid olsaydı, belə olardımı? Təbii ki, yox, çoxdan bərpa edərdilər. Biz hətta Təpəbaşı məhəlləsindəki məscidlə bağlı nə qədər tədbirlər keçirdik, UNESCO-ya müraciət etdik, lakin heç bir nəticəsi olmadı və həmin məscid dağıldı, məhv oldu".
"Bir faktı da deyim ki, bir neçə il əvvəl İrəvanın Respublika meydanındakı fəvvarələri təmir edərkən yerin altından tam Şərq üslubunda tikilmiş şəhər çıxdı. Sonradan mən bununla bağlı mənbələr əldə edəndən sonra məlum oldu ki, həmin fəvvarələrin yerində məhz İslam mədəniyyətinə aid olan tağbəndli, günbəzli evlər və digər abidələr olub, lakin məhv edilib. Amma buna baxmayaraq, həmin abidələrin təməlləri qalıb. Ona görə də dərhal tikintini dayandırdılar ki, ən azından gələcək nəsillər bu barədə araşdırma aparıb, həqiqətdən agah olmasınlar. Amma bu, erməni mədəniyyətinə aid olsaydı, dərhal bütün dünyaya car çəkmişdilər" , - deyə ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, təkcə İrəvanda deyil, kənar ərazilərdə də bənzər problemlərə rast gəlinir: "Məsələn, Ağrı dağının ətəyindən Naxçıvana qədər olan ərazi var ki, ora Çuxursəd Bəylərbəyli adlanır. Həmin ərazidə indi də qazıntılar aparılan zaman bizə aid mədəni abidələr üzə çıxmaqdadır. Bütün bunlar bir daha sübut edir ki, bu abidələrin dağılmasının əsas səbəbkarı ermənilərdir. Lakin abidələr dağıdılsa da, Avropa və rus səyyahlarının vaxtı ilə bu abidələrlə bağlı qeydləri indi də mənbə kimi istifadə edilir. Yəni, abidələri dağıtsalar da, mənbələri dağıda bilməzlər! Ona görə də Azərbaycan dövləti mütəmadi olaraq UNESCO-nun qarşısında məsələ qaldırmalıdır ki, ya UNESCO özü bu abidələri bərpa etdirsin, ya da ki, Azərbaycan dövləti şərt qoysun ki, bizə şərait yaradılsın, özümüzə aid olan abidələri bərpa edək. Növbəti mərhələdə isə həmin abidələrin mədəni irs nümunələri kimi UNESCO-nun siyahısına salınmasına çalışmalıyıq. Çünki ermənilər bunu etməyəcək".
Mərahim Nəsib