Erdoğan Karakuş: "Ermənistanın əlindən tutub müharibəyə hazırlayırlar"

ABŞ Dövlət Departamenti Ermənistana hərbi və digər yardımların artırılması məsələsi ilə bağlı sorğuya münasibət bildirib. Belə ki, rəsmi Vaşinqton İrəvanın öz seçdiyi əlaqələri davam etdirməsi ilə bağlı suveren hüququna hörmətlə yanaşdıqlarını bildirib. Verilən cavabda yardımların Azərbaycan-Ermənistan sülh prosesinə təsiri barədə isə sözügedən addımın bu ölkənin inkişafını dəstəkləməyə, müxtəlif sahələrdə inteqrasiyanı gücləndirməyə və mənfi amillərə qarşı dayanıqlılığı artırmağa xidmət etdiyi qeyd olunub.

Lim10.az-a məsələ ilə bağlı fikirlərini bildirən Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Erdoğan Karakuş Qərbin İrəvanı yeni müharibəyə hazırladığını bildirib:

"ABŞ-nin Ermənistanla bağlı atdığı son addımlarının səbəblərini, hədəf və məqsədlərini aydınlaşdırmaq üçün prosesə daha geniş çərçivədə nəzər yetirməliyik. Hazırda Azərbaycan və Türkiyə üç tərəfdən təzyiq altındadırlar. Bir tərəfdən, Yunanıstan ABŞ, Kipr Respublikası və digərləri ilə birlikdə Türkiyəyə qarşı daha geniş, dərin əməkdaşlıq qurur, digər tərəfdən, birbaşa Ankaraya təzyiqlər var, sonuncusu isə - Ermənistan çox sürətli şəkildə Azərbaycana qarşı silahlandırılır, eyni zamanda, sanksiyaları pozmasına imkan yaradılır.

Çox açıq bildirmək istəyirəm ki, Qərb Ermənistanı çox sürətlə silahlandıraraq Azərbaycanla müharibəyə hazırlayır. Cənubi Qafqazda yenidən müharibə ocağı yaratmaq yolu ilə Rusiyanı bölgədən çıxarmağa çalışırlar. Rəsmi Moskva hazırda çətin vəziyyətə düşüb. İndi Rusiyanı Suriyadan, Ermənistan və Gürcüstandan çıxarmaq planı üzərində iş gedir. Digər tərəfdən, ortada Türkiyə ilə Suriya arasında normallaşma prosesini əngəlləmək məqsədi də var. Rusiya isə Suriyadakı gücünü itirmək istəmir, çünki oradan çıxarılsa, bir daha Aralıq dənizinə çıxa bilməyəcək. ABŞ nə "F-35", nə də "F-16" məsələsində Türkiyəyə qarşı öhdəliklərini yerinə yetirir. Bu, Türkiyəni gücsüzləşdirmək, həm də Azərbaycanın özünümüdafiə qabiliyyətini zəiflətmək üçündür".

Karakuş Ermənistanla bağlı addımların beynəlxalq səviyyədə dəhlizlərə nəzarəti ələ keçirmək istiqamətində gedən mübarizənin bir parçası olduğunu deyib:

"Əlbəttə, baş verən prosesləri biz həm də beynəlxalq səviyyədə dəhlizlər uğrunda getdikcə kəskinləşən geosiyasi mübarizə baxımından da dəyərləndirməliyik. ABŞ Çin və Rusiya ilə rəqabət apardığı üçün onların Zəngəzur dəhlizindən istifadəsinə imkan vermək istəmir. Üstəlik, İran da dəhlizin açılması ilə Türkmənistan üzərindən keçən ticarət xəttinin öz əhəmiyyətini itirəcəyindən və daxili məsələlərdən qorxur.

Prosesin içərisində Fransa da var. Azərbaycan Qərb, xüsusilə ABŞ nümayəndələrinin, eyni zamanda, fəaliyyətini bitirməkdə olan NATO baş katibi Yens Stoltenberqin Bakıya səfərləri zamanı onlara lazımi cavabları verdi.

Gürcüstan da, bütün təzyiqlərə baxmayaraq, balanslaşdırılmış siyasət həyata keçirmək istəyir. Ona görə də Ermənistanı müxtəlif yollarla silahlandırırlar, başqalarından Rusiyaya qarşı sanksiyalara əməl edilməsini tələb etsələr də, Ermənistanla bağlı buna göz yumurlar. Nikol Paşinyanla bu ilin aprelində Brüsseldə məşhur beştərəfli görüşün keçirilməsi, USAID-in İrəvana dəstəyinin artırılması və s. addımların atılmasının heç biri səbəbsiz deyil. ABŞ Dövlət Departamentinin verilən sorğuya cavabı da sadaladıqlarımızı bir daha təsdiqləyir".

General-polkovnik Azərbaycan və Türkiyənin bütün hazırlanan kirli planları birlikdə poza biləcəklərini vurğulayıb:

"Bir daha Qərbin Ermənistanın əlindən tutaraq onu Azərbaycanla müharibəyə hazırladığını vurğulamaq istəyirəm. Bütün qurulan kirli oyunları pozmağın, tələlərə düşməməyin yeganə yolu isə Türkiyə və Azərbaycanın bütün hallarda birgə hərəkət etməsidir.

Ankara ilə Bakı, öz növbəsində, sahib olduqları böyük dövlətçilik təcrübəsinə əsaslanaraq lazımi fəaliyyəti həyata keçirirlər. Şuşa Bəyannaməsi bütün beynəlxalq və regional risklərə qarşı ölkələrimizin ortaq müqavimət gücünü artıran, yolunu açan xüsusi mahiyyəti və əhəmiyyəti olan sənəddir. Ona görə də öz mənfəətləri üçün bölgədə yeni müharibə planları quranlar səhv addım atacaqları halda veriləcək cavabı və himayə etdikləri Ermənistanın düşəcəyi bataqlığı əvvəldən düşünməlidirlər. Sonra çox gec ola bilər".

Söhrab İsmayıl