Cari ilin 25 avqust - 05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Şamil Nəcəfovun rəhbərliyi ilə "Keşikçidağda Elmi-Arxeoloji Qazıntılar və Yay Məktəbi 4" adlı layihə həyata keçirilir.
APA xəbər verir ki, builki qazıntılar qoruq ərazisində, Ceyrançöl düzünün Karvan dərəsi adlanan sahəsindəki kurqan qəbirlərində aparılır. Ərazi düzənlik sahə olub, az hündürlüklü sıx çöl bitkiləri ilə, açıq maili təpəliklərlə və bəzi yerlərdə yağış və sel sularının gur axması səbəbindən yaranmış az dərinlikli yarğanlarla müşahidə olunur. Ərazinin 90%-i gözlə görünür və arxeoloji abidələri (əsasən kurqanları) uzaqdan müşahidə etmək mümkündür. Sahə səthi relyef quruluşuna malikdir. Qazıntılar 3 kurqan abidəsində paralel olaraq həyata keçirilir. Ərazidə bir-birinə yaxın məsafədə 4 kurqan abidəsi qeydə alınıb. Onlardan birinin qazıntısı əvvəlki illərdə həyata keçirilib. Qalan 3 kurqan abidəsinin qazıntısı isə bu il aparılır. Kurqanlar bir-birindən təxminən 10-40 metr aralıda yerləşir.
1 saylı kurqan 21 metr diametrə malik olub, kənarı orta ölçülü çay daşlarından qurulmuş 60 santimetr enində kromlekslə əhatələnib. Hündürlüyü 2.2 metr olan kurqanın üst çınqıl-torpaq qarışıq örtüyü götürülüb, mərkəzdə kurqanaltı qəbir kamerası aşkar edilib. Kurqan kamerası şimal-cənub istiqamətində salınıb. Kurqanın 1.65 metr dərinlikdən aşkar edilən mərkəzi qəbir kamerasından ehtimal ki, iribuynuzlu heyvana aid (ata məxsus sümüklər olması da ehtimal edilir) çənə və diş sümükləri, dörd ədəd skif tipli ox ucluqları, bir ədəd tuncdan hazırlanmış lentvari en kəsiyə malik qolbağın hissələri, keramika fraqmentləri tapılıb. Klassik skif tipli ox ucluqlarını təmsil edən bu tapıntılar üçpərli (üçqanadlı) olub, ağac dəstəyə keçirmək üçün boruludur. Dəstəyə birləşən hissənin az yuxarısında çıxıntısı var. Birinin içindən ağac dəstəyin qalıqları tapılıb. Kurqanın şərq ətəyinə yaxın hissədən əlavə qəbir kamerası aşkar edilib. Kurqan örtüyünün 1 metr dərinliyindən aşkar edilən kameranın üzərində iri qaya daşlarından qismən yonularaq hazırlanmış plitələr qoyulub. Təxminən 1.4 meetr dərinlikdən insan skeletinin hissələri aşkar edilib.
2 saylı kurqan maraqlı struktura malikdir. Onun diametri 32 metr, hündürlüyü isə 2 metrdir. Kurqanın üzəri tamamilə orta ölçülü çay daşlarından qurulmuş və çox sıx düzülmüş daş örtüyə malikdir. Mərkəzdə bu örtüyün qalınlığı 2 metrə çatır. Kameranın mərkəzi hissəsi daşların çökməsi nəticəsində dairəvi batıq forma alıb. Kurqan kromleksinin ətəyi 2 metr enindədir. Kurqanaltı qəbir kamerası 2.5 metr dərinlikdə aşkar edilmiş, üzərinə iri ölçülü qaya daşlarından kəsilib və qismən yonularaq hamarlanmış plitə daşlar düzülüb. Qəbir kamerası şimal-cənub istiqamətində salınıb. Kurqanaltı qəbir kamerasında insan skeletinin hissələri (əsasən bud və qol sümükləri) və saxsı qabların fraqmentləri aşkar edilib. Daş örtük çox qalın olduğundan və daşların ağırlığından saxsı qablar basılaraq qırılıb.
3 saylı kurqan torpaq kurqandır. Üst örtüyün hündürlüyü müasir yer səthindən 1 metr təşkil edir. Kurqanın diametri 6 metrdir. Qazıntıların gedişində kurqan örtüyü götürüldükdən sonra mərkəzdə qəbir kamerası aşkar edilib. Qəbir kamerasının üzərinə 20-30 santimetr qalınlığa malik, bəzən 1.5-2 metr uzunluğa çatan ağır çəkili qaya daşlarından qismən yonularaq forma verilmiş plitə daşlar düzülüb.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd tarixi-mədəni irsin qorunub saxlanılması və təbliği, tarixi biliklərin yüksəldilməsi, gənc nəslin mədəni irsin qorunub saxlanılması fəaliyyətinə cəlb edilməsi, gənc arxeoloqların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və mədəniyyət könüllülərinin qazıntı və çöl arxeoloji işlərinin aparmaq bacarığına yiyələnməsidir. Həmçinin, layihəni gələcək tarixçilər, arxeoloqlar, turizm və coğrafiyaçılar üçün hazırlıq kursu kimi də qiymətləndirmək olar.
Layihə zamanı gənc könüllülərin, tarix müəllimlərinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qarabağ Universitetinin, ADA Universitetinin Qazax Mərkəzinin tələbə və magistrlarının, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin, abidə mühafizlərinin, Tarix-Diyarşünaslıq Muzeylərinin əməkdaşlarının və rayon ziyalılarının iştirakı təmin edilir.
Layihə uğurla davam etdirilir və artıq nəticələr də əldə olunub. Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntılarda skif ox ucluğu, balıqqulağı və pasta muncuqlar, saxsı nümunələri, bişmiş heyvan sümükləri aşkarlanıb. Bu tapıntılar arasında tuncdan olan və Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğu ehtimal olunan keramika məmulatları və e.ə. VII əsrə aid skif ox ucluğu xüsusilə maraq kəsb edir.
Bundan sonra da layihənin uğurla davam etdiriləcəyi və qiymətli nəticələr əldə olunacağı gözlənilir.