BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində qurumun Baş Qərargahında COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan qlobal təşəbbüslər ilə bağlı yüksək səviyyəli paralel tədbir təşkil edilib.
"Report" xəbər verir ki, COP29 Sədrliyinin ev sahibliyi ilə baş tutan görüşdə BMT-nin ixtisaslaşmış təşkilatları, beynəlxalq inkişaf banklarının, üzv dövlətlərin yüksək vəzifəli şəxsləri və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin heyətləri, diplomatlar, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri və özəl sektorun təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən COP29 üzrə baş danışıqçı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 fəaliyyət gündəliyinə daxil olan qlobal təşəbbüslər barədə qonaqlara ətraflı məlumat verib. O çıxışında bildirib ki, COP29 Sədrliyinin fəaliyyət gündəliyi iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səyləri təmsil edir və enerji, maliyyə, kənd təsərrüfatı, su, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva edir. Onun sözlərinə görə, maliyyə iqlim fəaliyyətinin mühüm icra mexanizmidir.
Azərbaycanlı diplomat COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan 14 təşəbbüs barədə geniş məlumat verib. O, COP29 təşəbbüslərinin iqlim fəaliyyətinə önəmli töhfə verəcəyini bildirib. COP29 Sədrliyinin qlobal təşəbbüslərinin hazırlanması prosesində göstərdikləri dəstəyə görə BMT-nin ixtisaslaşmış təşkilatlarına təşəkkür ifadə edən Baş danışıqçı çıxış sözü həmin təşkilatların yüksək rütbəli nümayəndələrinə verib.
Tədbirdə çıxış edən təşkilatın yüksək rütbəli nümayəndələri aidiyyəti sahələr üzrə COP29 Sədrliyinin qlobal təşəbbüslərinin əhəmiyyətini vurğulayıb və onların icrasına dəstək ifadə ediblər.
Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib. Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunə göstərməyə hazır olduğu vurğulanıb, bütün ölkələr, təşkilatlar, xeyriyyə qurumları və maliyyə təsisatlarının və hər bir fərdin bu mühüm missiyada COP29 Sədrliyinə qoşulmasına, sürətli və qətiyyətli hərəkət etməsinə çağırış edilib.
Tədbirin davamında nümayəndə heyətlərinin sualları ətraflı cavablandırılıb. COP29 Sədrliyinin fəaliyyət prioritetlərinin irəliləməsi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.