Ermənistana qarşı yalnız təzminat tələbi ilə hüquqi prosedurları həyata keçirmək mümkün deyil

"Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərin siyahısı çox geniş olduğundan, sadəcə, bir istiqamətdə bu ölkəyə qarşı hüquqi prosedurların həyata keçirilməsi mümkün deyil".

Bu fikri "Report"a Milli Məclisin deputatı Azər Kərimli Ermənistanın təzminat öhdəliyini yerinə yetirməməsi məsələsinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Arbitraj Məhkəməsi, eləcə regional məhkəmələrdə təzminat iddiaları qaldırıla bilər:

"Bu iddialar "Hərbi əməliyyatlarda birbaşa iştirak etməyən mülki şəxslərin qəsdən qətlə yetirilməsi və onlara qarşı qəsdən hücum müstəvisində kobud pozuntular", "Mülki məkanlara qəsdən hücum edilməsi ilə bağlı müharibə cinayətləri", "Mülkiyyətin kütləvi şəkildə, qanunsuz və əsassız olaraq məhv edilməsi və mənimsənilməsi ilə bağlı pozuntular", "Qadağan edilmiş formada qəsb və məhvetmə ilə bağlı müharibə cinayətləri", "Soyğunçuluqla müşayiət olunan müharibə cinayətləri", "Mədəni dəyərlərə hücum", "Mədəni dəyərlərin kütləvi məhvi və mənimsənilməsi", "Mədəni dəyərlərə qarşı vandalizm aktları və onların qanunsuz olaraq oğurlanması, dağıdılması və mənimsənilməsi", "Dini və xeyriyyə təyinatlı, həmçinin təhsil, incəsənət və elmlə məşğul olan müəssisələrin, tarixi abidələr, incəsənət əsərləri və elmi əsərlərin qəsdən qəsb edilməsi, uçurulması və onlara qəsdən zərər vurulması", insanlıq əleyhinə cinayətlər və digər bu kimi məqamların yer aldığı istiqamətlər üzrə açıla bilər. Sözügedən istiqamətlərdə, xüsusilə işğal dövründə və daha sonra Azərbaycana dəyən zərərin bütün istiqamətlər üzrə müəyyənləşdirilməsi, faktoloji əsaslarının təmin edilməsi sahəsində genişmiqyaslı fəaliyyət həyata keçirilir".

A.Kərimli bildirib ki, Ermənistanla bağlı beynəlxalq hüquqdan irəli gələn hüquqi prosedurların həyata keçirilməsi mümkündür:

"Təzminat tələbinin icrası üçün beynəlxalq hüququn mexanizmlərinə müraciət etmək lazımdır. Bu, kifayət qədər uzunmüddətli bir prosesdir. Bununla yanaşı, düşünürəm ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edə bildiyi kimi, Ermənistanın ölkəmizin ərazisində törətdiyi iqtisadi və digər cinayətlərlə bağlı da ədalətin bərqərar olmasına nail olacaq".