ERMƏNİSTANDA QAFQAZIN MAŞIN BAZARI?!

Qalıb Arif


("Faktlar və imkanlar" silsiləsindən)

Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm - buna nə həvəsim, nə də imkanım var. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s. maraqlanıram. Məsələn, COVİD-19 pandemiyasına qədər postsovet məkanında ən çox dəbdə olan krossover BMW X5, sedan isə Toyota Gamry idi. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəbləri çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının formal olması və s...

Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri, hətta, 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 30 minə (10 min də gömrük rüsumuna gedirdi) satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olmsı sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuzluğundan irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta, təkər də almaq olmaz. Təsəvvür edin ki, gürcülər Avropada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar...

Və nəhayət keçək mətləbə, başlığa çıxardığım məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Sadəcə olaraq, COVİD-19 pandemiyası dövründə müvəqqəti fasilə yaranmışdı. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva - Yerevan təyyarə biletinin qiyməti, hətta, Moskva - Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı uşaqlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan Yerevana gələn rus diller cəmi 200 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək Yerevandan avtomobili Rusiyaya gətirir, burda da maksimum 200 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə isə, yalnız gömrükdən keçirmək üçün maşının qiyməti qədər rəsmi və qeyri-rəsmi rüsum ödəməlisən.

Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən Yerevanın maşın bazarına İran və Orta Asiya avtomobil dilerlərinin üz tutaçağçını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazdımı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan Rusiyaya birbaşa çıxış var. Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik…

Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim gömrük rüsumları ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Düşünürəm ki, Azərbaycanda gözlənilən islahatlar dalğası bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq...